Şriftin ölçüsü :

Saytın rəngi :

“Himayədar ailə: Cəmiyyətdə alternativ qayğı modelinin formalaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirilib

07 avqust 2026 | 12:28

17 iyul 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı ilə Neftçala Rayon Mərkəzi Kitabxanasında “Himayədar ailə: Cəmiyyətdə alternativ qayğı modelinin formalaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, mədəniyyət işçiləri, valideynlər, ictimaiyyət nümayəndələri  iştirak edib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı uşaqların müəssisələr əvəzinə sağlam ailə mühitində böyüməsinin vacibliyi və ölkəmizdə yeni inkişaf etdirilən “Himayədar ailə” modelinin əhəmiyyəti barədə ətraflı məlumat verilib, uşaq müəssisələrinin, dövlət sığınacaqlarının və internat məktəblərinin maddi-texniki bazasının, xidmət səviyyəsinin nə qədər mükəmməl olmasından asılı olmayaraq, heç bir müəssisənin real ailə mühitini, ailə ocağının səmimiyyətini və valideyn qayğısını əvəz edə bilməyəcəyi vurğulanıb. Bildirilib ki, hər bir uşağın fərdi inkişafı, mənəvi-psixoloji formalaşması məhz fərdi ailə qayğısı altında daha sağlam şəkildə baş tutur.

Yığıncaqda cəmiyyətdə çox vaxt qarışdırılan iki mühüm hüquqi institut – "Himayədar ailə" modeli ilə "Övladlığagötürmə" arasındakı əsas fərqlər barədə geniş izahat verilib, himayədar ailəyə uşağın saxlanılması və tərbiyə edilməsi üçün dövlət tərəfindən mütəmadi olaraq maddi və sosial dəstəyin göstərilməsindən söhbət açılıb.

Həmçinin, tədbirdə himayədar valideyn olmaq istəyən şəxslər üçün müəyyən edilmiş rəsmi qaydalar, tələb olunan meyarlar və müraciət prosedurları barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu sistemin rayon ərazisində uğurla tətbiq olunması həm dövlət müəssisələrindəki uşaqların sayının azaldılmasına, həm də cəmiyyətdə sosial məsuliyyət hissinin artırılmasına mühüm töhfə verəcəkdir. Qeyd olunub ki, cəmiyyətdə alternativ qayğı modellərinin uğurla formalaşdırılması və bu istiqamətdə vaxtında maarifləndirmə işlərinin aparılması gələcəkdə yarana biləcək ailədaxili böhranların və məişət zorakılığı hallarının qarşısının alınmasında mühüm rol oynayır.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Keçidlər