“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verildi
Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq və əlaqələndirmə” Komissiyasının təşkilatçılığı ilə Neftçala şəhər Samid İmanov adına 1 saylı tam orta məktəbdə 25 noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq mübarizə gününə həsr edilmiş tədbir baş tutmuşdur. Hər il olduğu kimi “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq və əlaqələndirmə” Komissiyası Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 1999-cu ildə elan etdiyi 25 noyabr– Qadın Zorakılığına qarşı Beynəlxalq mübarizə günündən başlayan və 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində silsilə maarifləndirmə tədbirləri təşkil edilir. Maarifləndirmə tədbirlərinin keçirilməsinin əsas məqsədi qadınlara qarşı törədilən zorakılığın insan hüquqlarının kobud pozulması kimi təbliğ etməkdir.
Tədbirə başlamazdan öncə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbirdə Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında “Gender əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq və əlaqələndirmə” Komissiyasının katibi Gövhər Məmmədova, Neftçala rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanların proflaktiki işin təşkili qrupunun baş inspektoru polis mayoru Yalçın Qafarov, “Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin müdiri Gülnaz Abadova mövzu ətrafında çıxışlar edərək gender anlayışı, “Məişət zorakılığı” və onun növləri, problemlərlə mübarizə və onların həlli yolları, müraciət ediləcək ünvanları, bu sahədə beynəlxalq və yerli səviyyədə qəbul edilən normativ hüquqi aktlar barədə məlumat veriblər.
Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq Komissiyası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020- 2023-cü illər üçün “Milli Fəaliyyət Planı”nın 12.2.1. bəndinə müvafiq olaraq Rayon ərazisində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində müntəzəm olaraq görüşlər və tədbirlərin təşkili davam etdirilir və tədbirlərin təşkili rayon rəhbərliyi tərəfindən diqqətdə saxlanılır.
İştirakçılara video- çarx nümayiş olundu, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olundu. Görüş interaktiv müzakirələr və mövzu ətrafında çıxışlar ilə davam etdirildi.
Sonda tədbir iştirakçılırana bukletlər paylanıldı və “Qadınlara və qızlara qarşı zorakılığa birgə yox deyək!” soloqanı səsləndirildi.