Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc Kadr – Neftçala Gənclərinin İnkişaf Proqramı”nın bağlanış və mükafatlandırma mərasimi keçirilib

02 iyul 2026 | 10:52

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı tərəfindən həyata keçirilən “Gənc Kadr – Neftçala Gənclərinin İnkişaf Proqramı”nın bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk olaraq YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov Proqramın yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, Proqram ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin və Yeni Azərbaycan Partiyasının gənclərlə iş sahəsində müəyyən etdiyi prioritetlərin yerli səviyyədə icrasına töhfə vermək məqsədilə təşkil olunub. Qeyd edilib ki, dörd ay ərzində davam edən Proqram çərçivəsində liderlik, ünsiyyət, media savadlılığı və layihələrin idarə olunması istiqamətlərində təlimlər, həmçinin rayonun sənaye müəssisələrinə və dövlət qurumlarına təcrübə səfərləri təşkil olunub.

Daha sonra Proqramın məzunları Nazilə Əhmədli və Mustafa Zeynalov çıxış edərək layihənin onların bilik və bacarıqlarının inkişafında, dünyagörüşlərinin genişlənməsində və şəxsi inkişaflarında mühüm rol oynadığını bildiriblər. Onlar Proqram çərçivəsində təşkil olunan təlim və təcrübə səfərlərinin faydasından bəhs edərək göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.

Tədbirdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildirib ki, gənclərlə iş Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, müasir dövr təşəbbüskar, yüksək bilik və bacarıqlara malik, ictimai-siyasi proseslərdə fəal iştirak edən gənclərin yetişdirilməsini zəruri edir. Bu baxımdan “Gənc Kadr – Neftçala Gənclərinin İnkişaf Proqramı” gənclərin şəxsi inkişafının dəstəklənməsinə və təşkilati bacarıqlarının inkişaf etdirilməsinə xidmət edən uğurlu layihələrdən biridir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov isə çıxışında gənclərin hərtərəfli inkişafına yönəlmiş layihələrin rayonun gələcək kadr potensialının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, nəzəri biliklərin praktik təcrübə ilə tamamlanması gənclərin peşəkar hazırlığının gücləndirilməsinə, onların əmək bazarının tələblərinə uyğun formalaşmasına və cəmiyyət həyatında daha fəal iştirakına əlverişli zəmin yaradır. Rayon rəhbəri Proqramın uğurla həyata keçirilməsini yüksək qiymətləndirərək təşkilatçılara təşəkkür edib, iştirakçıları Proqramı uğurla başa vurmaları münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra gənclərlə fikir mübadiləsi aparılıb. İştirakçıların rəy və fikirləri dinlənilib, səsləndirilən təkliflərin gələcəkdə həyata keçiriləcək layihələrin planlaşdırılması zamanı nəzərə alınacağı bildirilib.

Sonda “Gənc Kadr – Neftçala Gənclərinin İnkişaf Proqramı”nı uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

 

Keçidlər