FHN-in Muğan Regional Mərkəzi Neftçala rayonunda nümunəvi mülki müdafiə məşqi keçirib
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə Neftçala rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.
“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirə Muğan Regional Mərkəzin şəxsi heyəti və texnikası, Neftçala Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, Fövqəladə Hallar Komissiyası və ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb edilib.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı – rayonun mülki müdafiə rəhbəri Mirhəsən Seyidov, FHN-in Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev və Mülki müdafiə idarəsinin rəisi polkovnik Rafiq Zeynalov çıxış edərək, ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə məşqin vacibliyini diqqətə çatdırıb, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.
Sonda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.