Ətraf mühitin mühafizəsi ilə əlaqədar maarifləndirmə tədbiri keçirilmişdir
05 iyul 2022 | 19:08
Neftçala Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 7 fevral tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın 7.2. stateji məqsədinə uyğun olaraq nəzərdə tutulan tədbirlərə, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 28 nömrəli Qərarının 3.20.-ci bəndinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların sahibkarlar tərəfindən idxalı, istehsalı və xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsinin qadağan olunması, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı istehlakçılar tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbaların istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməsi barədə Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin, yerli özünüidarəetmə orqanlarının, iri ticarət və ictimai iaşə obyektlərinin rəhbərlərinin iştirakı ilə maarifləndirmə və məlumatlandırma tədbiri həyata keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Azər Quliyev mövzu ətrafında geniş məlumat verib, yerli özünüidarəetmə orqanlarının və ticarət obyektlərinin nümayəndələrinin fikirləri dinlənilib, sual doğuran məqamlara aydınlıq gətirilib.