“Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda görüş keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin (Neftçala RİH) təşəbbüsü və “Neftechala Operating Company LTD” şirkətinin təşkilatçılığı ilə “ “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda neftçilərlə görüş keçirilib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhu ehtiramla yad olunub.
Görüşdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, “Neftechala Operating Company LTD” şirkətinin Azərbaycandakı filial rəhbəri Anoxin Aleksandr Viktoroviç, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, “Neftechala Operating Company LTD” şirkətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Görüş iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, rəhmətə gedən neftçilərin ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə çıxış edən “Neftechala Operating Company LTD” şirkətinin Azərbaycandakı filial rəhbəri Anoxin Aleksandr Viktoroviç, “Neftechala Operating Company LTD” şirkətinin Azərbaycandakı filialının Təhlükəsizlik üzrə menecer müavini Arif Bağırov, H.Z.Tağıyev adına Əməliyyat Şirkətinin Əməliyyatlar üzrə direktoru Ramin Quliyev, neftçi, vətən müharibəsi şəhidi Murad Gözəlovun atası Zabil Gözəlov, Vətən müharibəsi şəhidi Maarif Əliyevin anası, neftçi Sevda Əliyeva Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin banisi olduğu “Əsrin müqaviləsi”in rolunun böyük olması, bu saziş Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsası olması, ölkə iqtisadiyyatında neft sektorunun əhəmiyyətindən, bu gün neft sənayesində çalışan işçilərin sosial həyat şəraitinin gücləndirilməsi, onların iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən müsbət yönümlü işlərə görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin imzaladığı 16 avqust 2001-ci il tarixli fərmanla hər il Neftçilər gününün sentyabr ayının 20-də qeyd olunması Azərbaycanda neft sənayesində çalışanlara göstərilən diqqət və qayğının təzahürü olduğunu bildiriblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirdi ki, 20 sentyabr 1994-cü il tarixində Gülüstan sarayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə "Əsrin müqaviləsi"in imzalanması ölkəmizin uğurlu inkişaf tarixinin ən önəmli hadisələrindəndir. Məhz bu tarixi hadisə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından 1 il sonra baş verib. "Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycanın öz sərvətlərinə tam sahib olduğunu, Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bütün dünyaya nümayiş etdirərək, Azərbaycan Respublikası ilə dünyanın inkişaf edən dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradaraq xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açıldığını vurğulayıb. Eyni zamanda dövlət qurumları ilə özəl şirkətlərin birgə əməkdaşlığının inkişafı istiqamətində şəraitin yaradılması mühüm addımlardan biri hesab olunur.
RİH-in başçısı Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində “Əsrin müqaviləsi” tarixi Zəfərimizdə əhəmiyyətli rol oynayan amillər sırasında xüsusi yer alan iqtisadi və siyasi müstəqilliyimizin daha da möhkəmlənməsində mühüm rol oynayıb.
Görüşün sonunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayonun sosial iqtisadi həyatında göstərdikləri xidmətlərinə görə “Neftechala Operating Company LTD” şirkətinin Azərbaycandakı filial rəhbərinin İstehsalat üzrə müavini Neymışev Dmitri Sergeyeviç, “Neftechala Operating Company LTD” şirkətinin Azərbaycandakı filialının Binalara xidmət üzrə aparıcı mühəndisi Əhmədov Adil, “Neftechala Operating Company LTD” şirkətinin Azərbaycandakı filialının Neft və qazın təhvili, satışı şöbəsinin meneceri Əhmədov Ramiz Təşəkkürnamə ilə təltif olunublar.
Tədbirin sonunda zəhmətkeş neftçilərlə xatirə şəkili çəkilib.