“Erkən nikaha yox deyək!” adlı maarifləndirmə tədbiri keçirilib
27 iyul 2022 | 09:22
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə 18 iyul 2022-ci il tarixində R.Əliyev adına Yuxarı Qaramanlı kənd tam orta məktəbində “Erkən nikaha yox deyək!” adlı maarifləndirmə tədbiri keçirilib.
İlk öncə xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Yuxarı Qaramanlı kənd İƏD üzrə nümayəndəliyi, Yuxarı Qaramanlı kənd bələdiyyəsinin sədri, ərazidə yerləşən ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimlər, həkimlər, şagirdlər, valideynlər eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxış edənlər Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sosial problem olan erkən nikahla mübarizə ilə əlaqədar həyata keçirdiyi tədbirlər barədə, qanunvericilikdə nikah yaşı, erkən nikahın səbəbləri, fəsadları, təhsilin effektiv şəkildə başa çatdırılmasına törətdiyi maneələr, erkən nikaha məcbur edilən qızların gələcək ailə həyatlarında yaranan problemlər, onların fiziki və psixoloji vəziyyətlərinə göstərdiyi mənfi təsirlər barədə geniş məlumat veriblər. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan şəxsləri nikaha daxil olmağa məcbur edən şəxslər barədə nəzərdə tutulan cinayət məsuliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib və sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.