“Erkən nikah və qohum evliliklərinin fəsadları”, “Gənclərin fiziki aktivliyinin təmin olunması, zərərli vərdişlərlə mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə 18 dekabr 2024-cü il tarixində Neftçala şəhər S.İmanov adına 1 nömrəli tam orta məktəbdə “Erkən nikah və qohum evliliklərinin fəsadları”, “Gənclərin fiziki aktivliyinin təmin olunması, zərərli vərdişlərlə mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib.
İlk öncə xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Neftçala şəhər S.İmanov adına 1 nömrəli tam orta məktəbin direktoru, müəllimlər, psixoloqlar, şagirdlər, valideynlər iştirak edib.
Çıxışçılar Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sosial problem olan erkən nikahla və qohum nikahlarla mübarizə ilə əlaqədar həyata keçirdiyi tədbirlər barədə, qanunvericilikdə nikah yaşı, nikah hüququ, erkən nikahın fəsadları, erkən nikaha məcbur edilən qızların gələcək ailə həyatlarında yaranan problemlər, onların fiziki və psixoloji vəziyyətlərinə göstərdiyi mənfi təsirlər, qohum evliliklərin səbəbləri, fəsadları, səbəb olduğu genetik xəstəliklər barədə geniş məlumat veriblər. Qeyd olunanlardan əlavə, həmçinin fiziki aktivliyin və sağlam həyat tərzinin əhəmiyyəti, yeniyetmə orqanizmi üçün vacibliyi vurğulanıb, passiv həyat tərzi ucbatından yaranan xəstəliklər, onların risk amillərindən bəhs edilib, zərərli vərdişlərin fəsadları və insan sağlamlığına göstərdiyi mənfi təsirlər barədə iştirakçılara geniş məlumat verilib.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.