“Erkən nikah uğursuz gələcəyin təməlidir” mövzusunda maarifləndirmə görüşü keçirilib
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala rayonunun Aşağı Qaramanlı kənd ümumi orta məktəbində “Erkən nikah uğursuz gələcəyin təməlidir” və Ağaşirin Cəfərov adına Astanlı kənd tam orta məktəbdə “Uşaqların hüquqlarını qoruyaq!” adlı maarifləndirmə tədbiri keçirilib.
İlk öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndəsi, qeyd olunan məktəblərin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.
Çıxışçılar tərəfindən Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sosial problem olan erkən nikahla və qohum nikahlarla mübarizə ilə əlaqədar həyata keçirdiyi tədbirlər barədə, qanunvericilikdə nikah yaşı, erkən nikahın fəsadları, erkən nikaha məcbur edilən qızların gələcək ailə həyatlarında yaranan problemlər, onların fiziki və psixoloji vəziyyətlərinə göstərdiyi mənfi təsirlər haqqında, eyni zamanda “Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu” və “Uşaq hüquqları Konvensiyası”nda təsbit edilmiş uşaq hüquqları barədə maddələrdən söhbət açılıb, qanunun yerinə yetirilməsi sahəsində uşaqların üzərinə düşən vəzifələr onlara izah edilib. Qanunla nəzərdə tutulan qaydada təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq, ailədə yaşamaq, istirahət etmək və s. hüquq və vəzifələri barədə geniş məlumat verilib.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.