“Erkən nikah, məişət zorakılığı və ona qarşı mübarizə yolları” mövzusunda görüş keçirilib
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Gender əsaslı zorakılıq və və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamıyla təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”- na uyğun olaraq Neftçala RİH başçısının Tatarməhlə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Erkən nikah, məişət zorakılığı və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirici görüş keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keçirilən görüşdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Neftçala RİH-i başçısının Tatarməhlə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsul şəxsləri, Tatarməhlə bələdiyyəsinin sədri, müəllimlər və kənd sakinləri iştirak edib.
Görüşdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tələbləri, Qanunun şamil edildiyi şəxslər, məişət zorakılığından zərərçəkmiş şəxsə verilən mühafizə orderi, məişət zorakılığının tibbi-psixoloji nəticələri və həmçinin qanunvericilikdə nikah yaşı, erkən nikahın fəsadları, erkən nikaha məcbur edilən qızların gələcək ailə həyatlarında yaranan problemlər, onların fiziki və psixoloji vəziyyətlərinə göstərdiyi mənfi təsirlər, qohum nikahların səbəbləri, fəsadları, səbəb olduğu genetik xəstəliklər barədə geniş məlumat veriblər.
Görüş qarşılıqlı müzakirələrlə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.