Əmək Yarmarkası” çərçivəsində Peşə Yarmarkası keçirilib
04 iyun 2026-cı il tarixdə Neftçala Peşə Məktəbi PHŞ-də gənclərin məşğulluğunun artırılması, peşə təhsili ilə əmək bazarı arasında əlaqələrin möhkəmləndirilməsi və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi məqsədilə “Əmək Yarmarkası” çərçivəsində Peşə Yarmarkası keçirilib.
Tədbirdə Neftçala rayonu İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Məşğulluq filialının Neftçala rayon xidmət şöbəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Neftçala-Salyan KOB İnkişaf Mərkəzi, “IODICO” MMC, “Neftechala Operating Company LTD”, Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, “Azerbaijan Fish Farm”, “Xıllı Balıq” MMC, Neftçala Sənaye Məhəlləsi və rezidentləri, “Azərişıq” ASC, “Azəriqaz” İB, Aztelekom MMC, Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsi və digər dövlət qurumları, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində qonaqlar məktəbin tədris infrastrukturu, müasir emalatxana və laboratoriyaları, tələbələrin hazırladıqları əl işləri və praktik fəaliyyət nümunələri ilə yaxından tanış olublar. Həmçinin təşkil olunan infotur zamanı iştirakçılara peşə təhsilinin üstünlükləri, dual təhsil modeli, istehsalat təcrübələrinin əhəmiyyəti və əmək bazarına inteqrasiya imkanları barədə ətraflı məlumat təqdim edilib.
Yarmarkada 50-dən çox işəgötürən müəssisə və təşkilatın nümayəndəsi iştirak edib. Tədbir çərçivəsində 294 məzun işəgötürənlərə təqdim olunub, keçirilən görüşlər və ilkin müsahibələr nəticəsində 154 məzunun işlə təmin olunması istiqamətində razılıq əldə edilib, 32 nəfər isə özünüməşğulluq proqramına cəlb olunub.
Peşə təhsilinin imkanlarının nümayiş etdirilməsi, işəgötürənlərlə məzunlar arasında birbaşa əlaqələrin qurulması və gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyan bu cür təşəbbüslər regionda məşğulluğun artırılmasına və insan kapitalının inkişafına mühüm töhfə verir.







