Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçala rayonunda vətəndaşları qəbul edib

31 mart 2024 | 10:25
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayonunda Neftçala və Salyan rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl S.Babayev və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar məşğulluq, mənzil təminatı, əlillik, reabilitasiya vasitələri ilə təminat, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Vətəndaş qəbulundan sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov özünüməşğulluq proqramı çərçivəsində Neftçala şəhər sakinləri Ağayev Malik Fərman oğlu və Əzizov Rəşad Zabil oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
M.Ağayev avtomobil şinlərinin bərpası və təmiri, R.Əzizov isə kişi bərbərxanası xidməti üzrə aktivlərlə təmin olunublar. Onlar işsiz şəxslərin kiçik bizneslərini qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.
Qeyd edək ki, ötən il ölkəmizdə daha 17,4 min, o cümlədən Neftçala rayonunda 190 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunaraq kiçik təsərrüfatlarını qurmaları üçün mal və materiallar formasında aktivlərlə təmin ediliblər.
Keçidlər