Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun doğum günü qeyd olunub

08 iyul 2024 | 16:51

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anadan olmasının 40 illik yubileyi qeyd olunub. Şəhid baş gizir Camal İsmayılovun Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Tədbirdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, döyüşçü yoldaşları və qazilər iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbirdə çıxış edən şəhidin anası Filarə İsmayılova, şəhid Raquf Orucovun həyat yoldaşı, “Zəfər” şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova, xalq şairi Sabir Rüstəmxanlı, şəhid olan “Əfsanəvi taborun” valideynləri, şəhid Mahmud Məlikovun  atası Təhmasib Məlikov və digər natiqlər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qələbədən və bu qələbəmizdə iştirak edən şəhid Camal İsmayılovun şücaətindən, onun keçdiyi döyüş yolundan və 2020-ci ilin sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən Müharibəsində Camal İsmayılovun Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalması haqqında danışıblar və Vətən Müharibəsi Qəhrəmanının həyatını əks etdirən videoçarx nümayiş olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və Azərbaycan ordusunun gücü ilə 44 günlük Vətən Müharibəsində qazanılan şanlı qələbəsindən, 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiterror əməliyyatları ilə ölkəmizin suverenliyinin tam bərpa edilməsindən və bu döyüşlər zamanı, şəhid və qazilərimizin şücaətindən, qəhrəmanlıqlarından, işğaldan azad olunan ərazilərdə aparılan abadlıq quruculuq işlərindən və sakinlərimizin öz doğma torpaqlarına köçürülməsindən bəhs edib. Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunmasını qeyd edib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını, təşəkkürlərini bildiriblər.

Tədbir Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin hazırladıqları kompozisiyalar ilə davam edib.

Keçidlər