"Böyük qayıdış strategiyası: Qarabağ, sən dirçəlirsən!" mövzusunda dəyirmi masa keçirildi
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, “Aztelekom” MMC-nin Cənub Şirvan Regional Filialının Neftçala rayon şöbəsinin, “Azərişıq” ASC-nin Şirvan Regional Elektrik Təchizatı və Satışı idarəsi Neftçala Elektrik Şəbəkəsinin, “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz istismarı idarəsinin Neftçala Qaz İstismar sahəsinin birgə təşkilatçılığı, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının, sağlamlıq imkanları məhdud əlil hərbi qulluqçuların, idarə, təşkilat rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə "Konstitusiya və suverenlik ili" çərçivəsində 8 Noyabr-"Zəfər günü" nün 5-ci ildönümü münasibətilə “Böyük qayıdış strategiyası: Qarabağ, sən dirçəlirsən!” mövzusunda dəyirmi masa keçirildi.
Tədbir açıq elan edilməzdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, tədbiri giriş sözü ilə açaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə 30 illik işğala 44 gün ərzində son qoyulması, ərazi bütövlüyümüzün bərpa olunması, Azərbaycanın qalib ölkəyə, Azərbaycan xalqının qalib xalqa çevrilməsi, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünün dünyaya nümayiş olunması, Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilməsi barədə ətraflı məruzə edərək bir sıra məqamlara toxundu.
Görüşdə 8 Noyabr-"Zəfər günü" nün 5-ci ildönümü münasibətilə “Aztelekom” MMC-nin Cənub Şirvan Regional Filialının Neftçala rayon şöbəsinin, “Azərişıq” ASC-nin Şirvan Regional Elektrik Təchizatı və Satışı idarəsi Neftçala Elektrik Şəbəkəsinin, “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz istismarı idarəsinin Neftçala Qaz İstismar sahəsinin beş il ərzində rayon ərazisində gördüyü geniş miqyaslı tədbirlər, o cümlədən yaşayış məntəqələrinin sürətli internet şəbəkəsi ilə tam təmin olunması, şəhər, qəsəbə və kəndlərdə elektrik təsərrüfatının yenidən qurulması, qaz təchizatı, yaşayış massivlərinin qazlaşdırılması istiqamətində görülmüş işlər barədə rəhbər şəxslər tərəfindən ətraflı şəkildə məlumat verildi.
Şəhid atası Baloğlan Ağamalıyev, Vətən müharibəsi qazisı Yusif Abdullayev 8 Noyabr-"Zəfər günü" nün mahiyyəti, qalib ordumuzun əzəmətli mübarizəsi, torpaqlarımızın azad olunması uğrunda canlarını şəhid verən övladlarımızın igidliyi, qazilərimizin şücaəti barədə söz açaraq fikirlərini bildirdilər.







