Neftçala rayonunda Beynəlxalq Biomüxtəliflik Günü qeyd edildi
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin, Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Neftçala şəhərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbərinin müavini Bariz Mehdiyevin, dövlət rəsmilərinin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin, ölkənin özəl sektorunu təmsil edən nümayəndələrin iştirakı ilə Beynəlxalq Biomüxtəliflik Günü qeyd olunub. 22 may Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Neftçala rayonunda nərə cinsli balıq körpələrinin təbii su hövzələrinə buraxılması aksiyası keçirilib.
Tədbir açıq elan edilməzdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov tədbiri giriş sözü ilə acaraq yığıncaq iştirakçılarını salamlamış, ətraf mühitin qorunması, iqlim dəyişikliyinə qarşı, biomüxtəlifliyin, təbii resursların qorunması istiqamətinə dayanıqlı inkişafın aparılmasında həyata keçirilən dövlət siyasətindən ətraflı şəkildə məlumat verərək su bioresurslarının qorunması, balıq ehtiyatlarının bərpası, qeyri-qanuni ovçuluğun qarşısının alınması və akvakulturanın ekoloji baxımdan davamlı şəkildə inkişaf etdirilməsində biomüxtəlifliyin mühafizəsinin əsas istiqamətlərindən biri olmasını diqqətə çatdırdı.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov ölkəmizdə biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən layihələrdən geniş söhbət açıb, xüsusi mühafizə olunan təbiət ərazilərinin 10.5% təşkil etdiyini, 2030-cu ilədək bu göstəricilərin 12%-ə kimi artırılmasının qarşıya məqsəd qoyulmasını diqqətə çatdırıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev biomüxtəlifliyin qorunması istiqamətində tədbirlərin davamlı olacağını və Xəzər dənizi ekosisteminin unkal təbii sistem olmasını diqqətə çatdırdı.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbərinin müavini Bariz Mehdiyev su bioresurslarının bərpası və dayanıqlı inkişafı istiqamətində bu cür layihələrin davam etdirilməsinin vacibliyini, ekoloji aksiyaların əhəmiyyətini diqqətə çatdırdı.
Tədbir, rayonun Şirvanlı kəndi ərazisində Xəzər dənizinin sahilində qonaqların iştirakı ilə bioloji müxtəlifliyin qorunması məqsədilə 300-500 qram arasında 2 min ədəd Kür nərə cinsli balıqların və Xəzər qızılbalığının dənizə buraxılması ilə davam etdirilib.







