Azərbaycanda akvakultura sahəsinin inkişaf perspektivləri və balıqçılıq təsərrüfatlarının əhəmiyyəti mövzusunda maarifləndirici görüş keçirildi
Neftçala Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanda akvakultura sahəsinin inkişaf perspektivləri və balıqçılıq təsərrüfatlarının əhəmiyyəti mövzusunda” maarifləndirici tədbir keçirildi. Neftçala rayonunda fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının nümayəndələrinin, fermer və sahibkarların, Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrin, Bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə balıqçılıq təsərrüfatlarının yaradılması, su hövzələrinin seçilməsi və balıqçılıq təsərrüfatlarının təşkili, akvakultura sahəsində səmərəli idarəetmə və ekoloji yanaşmalar barədə ətraflı məlumat verildi.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq, mavi iqtisadiyyatın əsas prioritet istiqaməti olan davamlı balıqçılıq və akvakultura məsələləri, biomüxtəlifliyin qorunması barədə ətraflı məlumat verdi, rayon üzrə ayrılmış su limitinə uyğun suyun idarə olunması barədə bir sıra məqamları diqqətə çatdırdı.
Aqrar Xidmətlər Agentliyinin Bağlıq Sağlamlığı və Məhsuldarlığının Təşkili şöbəsinin müdiri Elçin Məmmədov çıxış edərək, balıqçılıq təsərrüfatlarının yaradılması, balıqların yetişdirilməsi texnologiyaları, yemləmək və qulluq qaydaları, balıq xəstəlikləri, profilaktiki tədbirlər və təsərrüfatlarda sanitariya qaydaları barədə ətraflı məlumat verərək maarifləndirici istiqamətdə səmərəli fikirlər bölüşdü.
Akvakulturanın inkişafı, balıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində qeyd olunan maarifləndirici məlumatlar ətrafında yığıncaq iştirakçılarının təklif və fikirləri dinlənildi, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparıldı.







