“AZLİNG 2022- Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
08 oktyabr 2022 | 09:53
“Regional İnkişaf” İctimai Birliyinin və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 8-də “AZLİNG 2022- Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Neftçala Heydər Əliyev Mərkəzində təşkil edilən konfransda 70-dən çox dilçi alim və gənc tədqiqatçı iştirak edib.
Konfransın keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanından irəli gələrək müasir dilçilik elminin çağırışları fonunda Azərbaycan dilinin tədqiqatına töhfə vermək, dilimizin tədqiqi, tədrisi və qorunması istiqamətində dövlət tərəfindən görülən tədbirlərə dəstək olmaq, Azərbaycan dilinin xaricdə tədrisi məsələlərinə diqqət çəkmək, eyni zamanda gənc tədqiqatçılara bu istiqamətdə əlavə imkanlar yaratmaqdır.
Konfrans öz işini panel iclaslarla davam etdirib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib və konfransın materiallarından ibarət toplunun çap etdiriləcəyi bildirilib.