Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Neftçala şəhərində növbəti maarifləndirmə tədbiri keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli 4233 nömrəli Sərəncamına uyğun olaraq Neftçala şəhərində maarifləndirmə tədbiri və ağac-kol tinginin əkilməsi həyata keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul şəxsləri ictimaiyyət nümayəndələri, şəhid valideynləri, ziyalıları, ağsaqqallar ilə birlikdə Neftçala şəhərində “Şəhidlər Abidə Kompleksi” ziyarət olunub, kompleksin ətrafında şam və sərv ağacların əkilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, bərk məişət tullantılarının idarə edilməsi istiqamətində maarifləndirici məruzələr edilib, yığıncaq iştirakçılarının sualları cavablandırmış, səsləndirilən fikirlərə aydınlıq gətirilib. Eyni zamanda seminar iştirakçılarına 26 oktyabr 2023-cü il tarixində “Qaradağ” Günəş Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti və BƏƏ-nin “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsinin imzalanması, Azərbaycanın “yaşıl enerji” istehsal və ixrac edən ölkə kimi strateji hədəflərinin “Masdar” şirkəti ilə reallaşdırması və bu layihələrin 2030-cu ilədək elektrik enerji istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 33%-dək yüksəlməsində mühüm rol oynayacağı barədə ətraflı məlumat verilib.
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 16 aprel tarixli 211 nömrəli Qərarı ilə Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi və 315 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi məqsədilə görülən işlər barədə geniş məlumat, seminar iştirakçılarının diqqətinə çatdırılıb.