Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrasturukturunun layihəsinin icrası ilə bağlı görülən işlərə yerindəcə baxış keçirilib
05 avqust 2022 | 17:04
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun, aidiyyəti üzrə məsul şəxslərin, şəhid valideynlərinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2022-ci il tarixli Sərəncamına əsasən otuz səkkiz min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 10 kilometr olan Neftçala-Xol Qaraqaşlı-Şorsulu (7 km) - Həsənabad-Neftçala və Bankə-Beştalı avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrasturukturunun layihəsinin icrası ilə bağlı görülən işlərə yerindəcə baxış keçirilib, layihə üzrə nəzərdə tutulan yenidənqurma tədbirləri ilə tanış olunub. Uzun müddət təmir olunmadan istifadə edildiyindən, aşınmalara məruz qaldığından yenidən qurulmasına ehtiyac yaranan uzunluğu 10 kilometr olan avtomobil yolu, hərəkət hissəsi 6 metr, çiyinləri 2 metr olmaqla 10 metrə qədər genişləndirilir. İnvestisiya layihəsi çərçivəsində Y-47-08 (7 km) Həsənabad-Neftçala avtomobil yolunun Həsənabad qəsəbəsi daxilində yolun kənar hissəsində işıqlandırma sistemi ilə əlaqədar işıq dirəklərinin quraşdırılması üçün yerlərin hazırlanması, piyada səki yollarının yenidən qurulması üçün səki daşlarının inşası, yolun çiyin hissələrinin profilə salınması, torpaq yatağının genişləndirilməsi, bərkidilməsi, suötürücü mövcud dəmir-beton boruların bərpası, zəruri hesab edilən yerlərə müxtəlif diametrli yeni suötürücü boruların quraşdırılması işləri icra edilir. Layihənin sonuncu mərhələsində yola asfalt örtüyün döşənməsi, hərəkətin normal təşkili üçün yol nişanlarının, yol göstərici xətlərin, piyada zolaqlarının çəkilməsi işləri aparılacaqdır. Avtomobil yolunun yenidən qurulması yaşayış məntəqələrinə vətəndaşların rahat gediş-gəlişini təmin etməklə nəqliyyat infransturukturunu xeyli yaxşılaşdıracaq, əhalinin sosial rifah halına müsbət töhvəsini verəcəkdir.
Rayon sakinləri rayonumuza göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanim Əliyevaya öz dərin minnətdarlıqlarını bildirirlər.