Neftçala Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü Xəzər kəndinin sakinləri ilə keçirib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Xəzər kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xəzər kəndində şəhidlərin əziz xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Xəzər kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Azərbaycanın dinamik inkişafı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın məntiqi nəticəsidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın müasir dövrdə qazandığı böyük uğurlar və ölkənin dinamik inkişafına düşünülən və uzaqgörən dövlət strategiyasının nəticəsidir. Bu strategiyanın müəllifi isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olub. Ulu Öndər Heydər Əliyev ölkənin tarixinin ən çətin mərhələlərindən birində hakimiyyətə gələrək dövlət müstəqilliyini qorumağı bacarıb, ölkədə sabitliyin və inkişafın əsasını qoyub. Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan tədricən güclü və müstəqil dövlətə çevrilib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan ciddi problemlərlə üzləşmişdi. Dövlət idarəetmə sistemində xaos, iqtisadi böhran və daxili qarşıdurmalar ölkənin gələcəyini təhlükə altına qoyurdu. Belə bir mürəkkəb şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi təmin etməyə nail oldu. Onun qətiyyətli qərarları və müdrik siyasəti nəticəsində dövlət institutları möhkəmləndirildi, qanunçuluq bərpa edildi və dövlət quruculuğu prosesi sürətləndirildi. Eyni zamanda hüquqi dövlətin əsaslarının yaradılması istiqamətində mühüm addımlar atıldı, müasir və səmərəli idarəetmə sisteminin formalaşdırılması üçün geniş islahatlar həyata keçirildi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüldü, yeni qanunlar qəbul edildi, hüquqi islahatlar həyata keçirildi və demokratik dövlət quruculuğu prinsipləri möhkəmləndirildi.
Ulu Öndər Heydər Əliyev ölkənin inkişaf strategiyasını müəyyənləşdirərkən güclü dövlətçilik prinsiplərini əsas götürürdü. Onun siyasətinin əsas məqsədi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, milli maraqları qorumaq və ölkəni iqtisadi baxımdan güclü dövlətə çevirmək idi. Bu məqsədlə iqtisadi islahatlar həyata keçirildi, sahibkarlığın inkişafı üçün şərait yaradıldı və xarici investisiyaların ölkəyə cəlb olunmasına xüsusi diqqət yetirildi. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, tikintiyə icazə, torpaq sahəsinin ayrılması, MİLLİÖN ödəmə terminalının quraşdırılması, Qızılağac Milli Parkının Xəzər kənd ilə həmsərhədd zolağında yerləşən ərazisindən heyvanların otarılması üçün icazə verilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.







