Fermerlərin aqrar sığorta barədə məlumatlandırılması istiqamətində maarifləndirmə tədbiri keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin və Aqrar Sığorta Fondunun birgə təşkilatçılığı və Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon ərazisində xam pambıq tədarük edən pambıq şirkətlərinin yerli nümayəndələrinin, Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, fermerlərin iştirakı ilə “aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması” mövzusunda Neftçala Rayon İcra Hakimiyyətində geniş tərkibdə maarifləndirmə tədbiri keçirilib. Tədbir açıq elan edilməzdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən tədbirlərdən biri kimi 2020-ci ildən fəaliyyətə başlayan aqrar sığorta mexanizminin inkişafından, aqrar sığortadan faydalananlar arasında Neftçala rayonundan olan fermer və təsərrüfatların mövcudluğundan, Neftçala rayonunun da eyni zamanda ölkəmizdə böyük kənd təsərrüfatı potensialı olan və ümumilikdə bölgədə becərilən pambıq məhsulunun daxili bazarla yanaşı, xaricə də ixrac edilərək ölkənin qeyri-neft ixracına və iqtisadi rifahına öz töhfəsini verən rayonlardan biri olduğunu diqqətə çatdırdı.
Aqrar Sığorta Fondunun Lənkəran-Astara, Salyan-Şirvan və Mil-Muğan üzrə koordinatoru Rafət Əsgərov, aqrar sahədə baş verə biləcək risklərin, mənfi təsirlərin aradan qaldırılması, müştərək sığorta mexanizmi vasitəsilə sığortalanma işinin təşkili istiqamətində görüləcək tədbirlər barədə yığıncaq iştirakçılarına ətraflı şəkildə məlumat verdi. Fermerlərlə təşviqedici görüşdə eyni zamanda onları düşündürən, narahat edən məsələlər dinlənildi, qarşılıqlı fikir mübadiləsi aparıldı, səsləndirilən təkliflər nəzərə alındı və bu istiqamətdə tədbirlərin görüləcəyi diqqətə çatdırıldı. Maarifləndirmə tədbiri Xol Qaraqaşlı kəndində fermer Cəlal Əhədovun pambıq sahəsində yerli sakinlərin, kənd təsərrüfatı məhsulları becərən torpaq mülkiyyətçilərinin iştirakı ilə davam etdirildi, pambıqçılığın inkişafında aqrar sığortanın rolundan, təbii fəlakətlər, yanğınlar, bitki xəstəlikləri və zərərvericiləri, üçüncü şəxslərin hərəkətləri nəticəsində təsərrüfatlara dəyən zərərin aqrar sığorta vasitəsilə kompensasiya olunmasından geniş söhbət açıldı. Aqrar sığortanın ölkədə dayanıqlı kənd təsərrüfatı sisteminin qurulmasına mühüm dəstək göstərməsi, femerlərin bu istiqamətdə yaxından iştirak etməsi geniş şəkildə təşviq edildi.