Akvakultura sahəsində nohur balıqçılıq təsərrüfatlarının inkişaf perspektivləri mövzusunda maarifləndirici görüş keçirildi
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, təşəbbüsü və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin birgə təşkilatçılığı ilə “Akvakultura sahəsində nohur balıqçılıq təsərrüfatlarının inkişaf perspektivləri mövzusunda” maarifləndirici tədbir keçirildi.
Tədbir açıq elan edilməzdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edildi.
Neftçala rayonunda fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının nümayəndələrinin, fermer və sahibkarların, Rayon İcra Hakimiyyəti başçısının şəhər, kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrin, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, Neftçala Su Meliorasiya Sistemləri İstismarı idarəsinin, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 4 saylı Şirvan-Salyan Regional bölməsinin, Baş Mil-Muğan Kollektorunun istismar idarəsinin, Aşağı Muğan Meliorativ Sistemləri İstismarı idarəsinin, Sudan İstifadəedənlər Birliklərinin rəhbər və məsul şəxslərinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə balıqçılıq təsərrüfatlarının yaradılması, su hövzələrinin seçilməsi və balıqçılıq təsərrüfatlarının təşkili, akvakultura sahəsində səmərəli idarəetmə və ekoloji yanaşmalar, su təminatı, sudan istifadə ilə bağlı su müqavilələrinin bağlanması, akvakultura obyektlərinə əmtəə yetişdirilməsinə dair şəhadətnamələrin verilməsi barədə ətraflı məlumat verildi.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov, Fərid Qəniyev Balıqçılıq və Akvakultura Mərkəzinin yaranması və fəaliyyəti, balıqçılıq təsərrüfatlarının inkişafı ilə bağlı “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 uyun tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası” nın müvafiq bəndləri üzrə ətraflı şəkildə məlumat verdi.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsin abonentlərlə iş, texniki şərtlərin hazırlanması, elektron idarəetmə şöbəsinin SİB-lə iş sektorunun müdiri Ömər İsmayılov, yerlədə fəaliyyət göstərən Su Meliorasiya Sistemləri İstismarı idarəsi tərəfindən xidmət sahəsinə daxil olan suötürücü su kanalları vasitəsilə nohur təsərrüfatlarına suyun nohur təsərrüfat sahibləri ilə bağlanmış müqavilə əsasında verilməsinin hüquqi əsasları, sudan istifadə ödənişləri, qanunsuz sudan istifadə hallarının yaratdığı fəsadlar və bu istiqamətdə görülən tədbirlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verdi.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət şöbəsinin müdir müavini-sektor müdiri Zaur Kərimov çıxış edərək, Meliorasiya və İrriqasiya haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri, suların su obyektlərindən götürülməsinin, nəql edilməsinin, paylanmasının mahiyyəti, qanunsuz su obyektlərinə müdaxilələrin hüququ tərəfləri barədə bir sıra məqamlara toxunaraq geniş məlumat verdi.
Neftçala Su Meliorasiya Sistemləri İstismarı idarəsinin rəisi Təbriz Eyyubov çıxış edərək, 2026-cı ilin məhsulu üçün əkilməsi planlaşdırılan 38158 hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulan illik 401,7 min m3 suyun həcminə uyğun olaraq əkin işlərinin nəzərdə tutulmasını diqqətə çatdıraraq, nohur balıqçılıq təsərrüfatlarının su təminatının yalnız idarənin balansında olan və xidmət göstərdiyi su şəbəkəsindən sahibkarların müraciəti və Balıqçılıq və Akvakultura Mərkəzindən şəhadətnamənin verilməsindən, sudan istifadəyə rəy verildikdən sonra həyata keçirilməsinin mahiyyəti barədə ətraflı məlumat verdi.
Akvakultura sahəsində, nohur balıqçılıq təsərrüfatlarının inkişaf perspektivləri mövzusunda qeyd olunan maarifləndirici məlumatlar ətrafında yığıncaq iştirakçılarının təklif və fikirləri dinlənildi, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparıldı. Mövzu ilə bağlı nohur təsərrüfat sahibləri Qasım Bədəlov, Murad Dadaşov, Əlizamin Rəsulov, Rahid Hacıyev, Vidadi Heybətov və digərləri balıqçılıq fəaliyyəti ilə bağlı şəhadətnamənin alınması, suyun qiyməti, sudan istifadə ilə bağlı müqavilənin bağlanması, torpaqların təyinatı və bir sıra məsələlər barədə fikir və təkliflərini diqqətə çatdıraraq bu istiqamətdə dəstək göstərilməsini xahiş etdilər. Suallar və qaldırılan məsələlər aidiyyəti dövlət qurumlarının məsul şəxsləri tərəfindən cavablandırıldı, bu istiqamətdə tədbirlərin nəzərdə tutulması barədə nohur balıq təsərrüfat sahiblərinə diqqətinə çatdırıldı.







