“Ailədaxili ünsiyyət böhranı və onun həlli yolları” mövzusunda maarifləndirici tədbir keçirilib
06 iyul 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Ailədaxili ünsiyyət böhranı və onun həlli yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, mədəniyyət işçiləri və valideynlər iştirak ediblər.
Çıxışlar zamanı ailədaxili münasibətlərin sağlam təməllər üzərində qurulması, ünsiyyət böhranlarının yaranma səbəbləri və bu böhranların aradan qaldırılması yolları barədə ətraflı məlumat verilib. Bildirilib ki, ailədaxili münaqişələrin və ünsiyyət problemlərinin vaxtında həll edilməsi gələcəkdə yarana biləcək məişət zorakılığı hallarının qarşısının alınmasında mühüm rol oynayır. Sağlam ailə mühitinin formalaşdırılması üçün həm dövlət orqanlarının, həm də cəmiyyətin, xüsusilə mədəniyyət, təhsil müəssisələrinin və psixoloqların koordinasiyalı fəaliyyətinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, ailədə qarşılıqlı anlaşma və hörmət prinsiplərinin qorunması, yeniyetmə və gənclərin mənəvi-psixoloji durumuna həssaslıqla yanaşılması gələcək nəsil üçün böyük əhəmiyyət kəsb edir. Bu növ neqativ halların qarşısını almaq məqsədilə cəmiyyətdə mütəmadi olaraq psixoloji və maarifləndirici işlərin aparılmasının, ailə institutunun möhkəmləndirilməsinin xüsusi əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbir qarşılıqlı müzakirələr şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.







