“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası Neftçala şəhərində keçirilib
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Bu işlərin davamı olaraq Prezident İlham Əliyev tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Neftçala rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan silsilə tədbirlər keçirilir.
Tədbirlər çərçivəsində Neftçala rayonunda Neftçala- Salyan avtomobil yolunun Neftçala şəhəri, Xıllı qəsəbəsi, Qaravəlli yaşayış massivi və Aşağı Surra kəndi ərazisindən keçən hissəsində Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən payız mövsümündə ağacəkmə aksiyalarının keçirilməsinə start verilib.
Aksiyada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in əməkdaşları, Yerli İnzibati Ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr, Neftechala Operating Company LTD şirkətinin, idarə, müəssisə və təşkilatların, Neftçala MKTB-in, DOST MMC-in əməkdaşları, könüllülər, ictimaiyyət nümayəndələri iştirak edib.
Neftçala- Salyan avtomobil yolunun kənarında, Neftçala şəhəri, Xıllı qəsəbəsi, Qaravəlli yaşayı massivi və Aşağı Surra kəndindən keçən ərazisində 5000 ədəd ağacdan 4500 ədəd eldar şamı, 500 ədəd oleandr əkilib və onlara aqrotexniki qulluq göstərilib.
“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 10 000 ədəd ağacın əkilməsi, abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.