Şriftin ölçüsü :

Saytın rəngi :

“Ağ ölümə yox deyək” adlı növbəti maarifləndirici tədbir keçirilib

05 aprel 2024 | 15:55

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2024-cü il üçün tərtib edilən İş Planına uyğun olaraq Faruq Quliyev adına Xıllı qəsəbə 2 saylı tam orta məktəbində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Ağ ölümə yox deyək” adlı növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Komissiyaya daxil olan idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, həmçinin müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Görüşdə ilk öncə Azərbycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər hazırda bütün dünyanı narahat edən və düşündürən ümumbəşəri bəlaya – narkomanlığa qarşı mübarizə sahəsində görülən və görülməli olan işlərdən bəhs ediblər. Dövlətimiz tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər, qəbul edilən Qanun və Dövlət Proqramlarının əhəmiyyəti xüsusi vurğulanıb. Komissiya üzvləri, eləcə də aidiyyəti orqanların məsul şəxsləri tədbir iştirakçılarını narkomaniya və onun fəsadları barədə ətraflı məlumatlandırıblar. Geniş fikir mübadiləsi şəraitində baş tutan görüşdə həyata keçirilən təbliğat, maarifləndirmə işlərinin əhəmiyyəti barədə danışılıb, ümumbəşəri bəla ilə mübarizə sahəsində ayrı-ayrı dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin birgə mübarizə aparmaqla, daha çox yayılmasının və kütləvi hal almasının qarşısını almağın mümkünlüyü diqqətə çatdırılıb.

Görüşdə narkomanlığın yaratdığı fəsadlar, eləcə maarifləndirmə məqsədilə hazırlanan videoçarxlar nümayiş etdirilib. Tədbir iştirakçıları Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə davamlı olaraq həyata keçirilən bu tipli tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq, minnətdarlıqlarını bildiriblər.

Keçidlər