Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Abasallı və Uzunbabalı kəndlərinin sakinləri ilə səyyar görüş keçirib

28 noyabr 2025 | 12:47

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Abasallı və Uzunbabalı kəndləri haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxışçılar “Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Azərbaycan xalqının əyilməz ruhunu bir daha bütün dünyaya nümayiş etdirdi” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası Azərbaycan xalqının əyilməz iradəsini və sarsılmaz ruhunu bir daha bütün dünyaya nümayiş etdirdi. Bu tarixi hadisə dövlətimizin milli maraqlarının qorunması, ölkəmizin təhlükəsizliyinin təmin olunması və beynəlxalq hüququn tələblərinin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının göstərdiyi birlik, həmrəylik və qətiyyət dövlətimizin gücünü, siyasi əzmini və milli mövqeyinin dönməzliyini təsdiq etdi. Bu nailiyyət ölkəmizin gələcək inkişafına, davamlı sülhün və regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verməsi haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt bu gün də ölkəmizin inkişafının və təhlükəsizliyinin əsas dayağı kimi çıxış edir. Ulu Öndərin müəyyən etdiyi milli dövlətçilik fəlsəfəsi, güclü ordu quruculuğu siyasəti və prinsipial milli maraqlar konsepsiyası müasir Azərbaycanın siyasi və hərbi qüdrətinin formalaşmasında həlledici rol oynadı. RİH-in başçısı bildirib ki, Ulu Öndərin ideyalarına sədaqətlə xidmət edən, müasir dövrün tələblərinə uyğun şəkildə onları daha da inkişaf etdirən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev ölkəmizi regionun ən güclü dövlətlərindən birinə çevirib. Prezident cənab İlham Əliyevin uzaqgörən liderliyi, diplomatik qətiyyəti və ordu quruculuğuna verdiyi xüsusi önəm nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi.

Bu tarixi nailiyyət Azərbaycan xalqının milli həmrəyliyinin, milli ruhunun və dövlətinə sədaqətinin parlaq təcəssümüdür. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbə Ulu Öndər Heydər Əliyevin “Güclü dövlət, güclü ordu” strateji xəttinin uğurlu davamının ən böyük sübutudur.

 RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, elektrik təsərrüfatının yenilənməsi, işsizlik, suvarma suyunda yaranan çətinlik, kanalların lildən təmizlənməsi, torpaq sənədləşməsi, maddi köməklik, əlavə bulaqların quraşdırılması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

 

Keçidlər