İqtisadiyyat və sənaye naziri Neftçalada vətəndaşları qəbul edib
2015-ci ildə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin bölgələrdə ilk vətəndaş qəbulu yanvarın 16-də Neftçalada keçirilmişdir.
Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Salyan, Neftçala və Biləsuvar rayonlarından olan 50-ə yaxın vətəndaş iştirak etmişdir.
Vətəndaşlar əsasən istehsal və emal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin təşkilinə dəstək göstərilməsi, güzəştli kreditlərin verilməsi, yaşayış məntəqəsinin qazlaşdırılması, kənd yollarının tikintisi, elektrik xətlərinin yenilənməsi, sosial və s. məsələlərlə bağlı müraciət etmişlər.
Müraciətlər diqqətlə dinlənilmiş, nazir Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Bir sıra müraciətlər yerindəcə həllini tapmış, digərləri Nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən qanunvericiliyə uyğun operativ araşdırılaraq, müvafiq tədbirlər görüləcəkdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilmiş, icra vəziyyəti nəzarətdə saxlanılmaqla həll olunması üçün aidiyyəti strukturlara çatdırılacağı bildirilmişdir.
Qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilmiş, əkinçilik, heyvandarlıq, çörəkbişirmə, balıqçılıq, mebel istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.
Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq etmişlər.
Qeyd edək ki, ötən il iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin 11 vətəndaş qəbulu keçirilmiş, qəbullarda 700-dən çox vətəndaş müraciət etmişdir.