Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada sahibkarlara güzəştli kreditlər verilmişdir

03 noyabr 2014 | 16:00

Oktyabrın 30-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Neftçala rayonunun Xıllı kəndində keçirmişdir.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Neftçala və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılmış, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Neftçala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, fermer mağazalarının, çörək, plastik qapı-pəncərə və üzlük daş istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9025 investisiya layihəsinin maliyyələşdirilməsinə 402,8 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, ət, süd, meyvə-tərəvəz emalı, quşçuluq fabrikləri, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 32 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Neftçala və ətraf rayonlardan olan 51 sahibkara 2,8 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4611 sahibkara 248,6 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Forum çərçivəsində Neftçala rayonunun Həsənabad qəsəbəsində güzəştli kredit ayrılmış şüşə istehsalı müəssisəsinin və Salyan rayonunun Çuxanlı kəndində quşçuluq təsərrüfatının fəaliyyətinə baxış keçirilmişdir.

Keçidlər