Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda şəhid Mehman Səfərovun doğum günü qeyd olunub

15 aprel 2022 | 01:04

Neftçala rayonunda şəhid Mehman Səfərovun doğum günü qeyd olunub.
1-ci Qarabağ döyüşlərində şəhid olan Mehman Məmmədəli oğlu Səfərovun doğum günü Neftçala şəhərində şəhidin adını daşıyan İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeyd olunub.
Tədbirdə Neftçala RİH məsul şəxsləri, Yeni Azərbaycan Partiyasının, Neftçala rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, gimnaziyanın məzunu olan müharibə iştirakçıları, rayon ictimaiyyəti və şagirdlər iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Gimnaziyanın həyətində şəhid Mehman Səfərovun adına ucaldılan büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edənlər şəhidin ömür yolundan, döyüş şücaətindən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, əsgər və zabitlərimizin şücaəti nəticəsində torpaqlarımızın azad olunmasından və 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən danışıblar.
Şəhidin ailə üzvləri çıxış edərək dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiribər.
Tədbir Gimnaziyanın şagirdlərinin və Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov adına Neftçala rayon Uşaq- İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları kompozisiyalar və flaşmob ilə davam edib.
Şəhid Səfərov Mehman Məmmədəli oğlu 12 aprel 1972-ci ildə Neftçala şəhərində anadan olub. Neftçala şəhər İnternat məktəbində və Bakı şəhərində yerləşən Mədəni-Maarif Texnikomunda təhsil alıb. Hərbi xidmətini bitirdikdən sonra Milli Ordu sıralarına qoşulub və cəbhənin ön xəttində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il iyul ayında Kəlbəcər rayonunun Umudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Məlumat üçün bildiririk ki, Mehman Səfərov Neftçala rayonunun 1-ci Qarabağ döyüşlərində şəhid olan ilk şəhididir.

Keçidlər