Neftçala rayonunda “Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərlə görüş keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Neftçalada gənclərlə görüş keçirilib. Gənclərin könüllü fəaliyyətə cəlb olunması, onların fərdi inkişafı və regionlarda gənclər arasında şəbəkənin genişləndirilməsi, eyni zamanda RİİB tərəfindən icra ediləcək yeni könüllülük proqramının təqdimatı keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, RİİB-in nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Görüşə iştirak edən 17-29 yaş arası neftçalalı gənclərə RİİB-in əməkdaşları tərəfindən könüllü fəaliyyətinin məqsədi, istiqamətləri, könüllülərlə birlikdə həyata keçirilən tədbirlər, sosial aksiyalar haqqında geniş məlumat verilib, eyni zamanda vətəndaşlara müxtəlif sahələr üzrə təkliflər təqdim etmək imkanı yaradan “Təklifim var” portalından istifadə qaydalarından bəhs edən videoçarx nümayiş olunub. Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib və gənclərin maraqlı təklifləri dinlənilib.
Görüşün sonunda RİİB-də könüllü fəaliyyət göstərmək arzusunda olan gənclərin qeydiyyatı aparılıb və onların müsahibələri keçirilib.