Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonu İcra Hakimiyyəti başçısının 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatı keçirilmişdir

15 oktyabr 2014 | 15:00

13 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının  sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə hesabat keçirilmişdir.

2014-cü ilin doqquz ayında rayonda ümumi məhsul istehsalının həcmi 2013-cü ilin müvafiq dövrünə  nisbətən 3,6 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 152,4 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə  müqayisədə 5,3  milyon manat çoxdur. 2014-cü ilin doqquz ayında ümumi məhsulun tərkibində sənaye məhsulu 19 milyon 508,0 min manat və ya ümumi məhsulun 12,8 %-i qədər, kənd təsərrüfatı məhsulu 63 milyon 641,0 min manat və ya 41,8 %, nəqliyyat xidməti 1 milyin 400,0 min manat  və ya 0,9 %, rabitə xidməti 500,0 min manat  və ya 0,3 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 51 milyon 400,0 min manat və ya 33,7 %, tikinti işlərinin həcmi 16 milyon  manat və ya 10,5 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 89,3%-ə çatmışdır. Adambaşına 1823,0 manatlıq və ya 2013-cü ilin müvafiq dövrünə nisbətən   2,4 % çox məhsul istehsal edilmişdir.

2014-cü ilin doqquz ayında rayonda 5 yeni müəssisə yaradılmış, 431 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 7, fiziki şəxslər üzrə 431, mövcud müəssisə və təşkilatlarda 111 olmaqla, cəmi 549 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti, quruculuq, abadlıq işlərinə 135 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 1415 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
        Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 19 milyon 508,0 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 85,6 % təşkil etmişdir.
        2014-cü ilin doqquz ayında nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 497,0 min ton yük, 5 milyon 350,0 min nəfər sərnişin daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən yük daşınması 6,2 faiz, sərnişin daşınması isə 7,2  faiz artmışdır.
        Hesabat dövründə  rabitə müəssisələri tərəfindən  əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 500,0 min manatlıq rabitə xidməti göstərilmişdir.  Göstərilən rabitə xidmətlərinin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,0% artmışdır. Ümumi xidmətin 96,6 %-i bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 63 ədəd telefon aparatı düşür.
        Cari ilin doqquz ayında əhalinin nominal pul gəlirləri 40 milyon 544,0 min manat olmuş, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3 % artmışdır. Adambaşına düşən pul gəlirləri 4,1 % artaraq 485,0  manat olmuşdur. Rayon üzrə  bir işçinin orta aylıq əmək haqqısı 268,0 manat təşkil edir. Bu isə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,5 % çoxdur. İlin əvvəlindən əhaliyə 118,9 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 6,5 % artaraq 100,8 milyon manata, pullu xidmətlərin həcmi 4,8 % çoxalaraq 16,0 milyon manata, iaşə xidmətlərinin həcmi 11,5 % artaraq 2,1 milyon manata çatmışdır.
       2014-cü il üçün rayonun yerli gəlirləri 5 milyon 104,0 min manat, xərcləri isə 16 milyon 323,0 min manat təsdiq olunmuşdur. 2014-cü ilin doqquz ayında büdcəyə 3 milyon 669,9 min manata qarşı 3 milyon 711,1 min manat  vəsait daxil olmuş və ya 101,1 % icra olunmuş, yerli xərclər 12 milyon 271,5 min manata qarşı 11 milyon 302,4 min manat və ya 92,1 % icra olunmuşdur.
         01 oktyabr 2014-cü il tarixə pensiya və müavinət alanların sayı 13501 nəfər, ünvanlı dövlət sosial yardımı alanların sayı 1056 ailə olmuş, 145 kimsəsiz, ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir.
         2014-cü ilin  doqquz ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 nəfər müharibə əlilinə pulsuz avtomobil verilmişdir. 
2014-cü ilin doqquz ayı ərzində Rayon Məşğulluq Mərkəzi  tərəfindən 276 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş və 39 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. 16 nəfər peşə hazırlığı kurslarına, 18 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olumuşdur. Sahibkarlığın inkişafına dəstək olaraq rayonda fəaliyyət göstərən 2 bank və 1 bank olmayan kredit təşkilatlarının filialları tərəfindən sahibkarlara və vətəndaşlara ümumilikdə 9 milyon 165,0 min manat kredit verilmişdir ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 5 nəfər sahibkara 57,0 min manat məbləğində kredit verilmişdir.     
        2014-cü ilin doqquz ayında Neftçala Elektrik Şəbəkəsi tərəfindən rayona  108,0 milyon kvt. saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 38,5 milyon kvt. saatı əhaliyə satılmış, həmin enerjinin dəyərinin 77,0 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 99,0 % təşkil edir.
          2014-cü ilin doqquz ayı ərzində Rayon Qaz İstismar Sahəsi tərəfindən 8 milyon 893,0  min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 8 milyon 14,0 min kub metr olmuş, bunun da  dəyərinin 101,0 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir.
          2014-cü ilin doqquz ayında rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 6 milyon 180,0 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu da 2013-cü ilin müvafiq dövründə olan göstəricidən 78,5% çoxdur.
Rayonda hesabat dövründə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, cari ilin doqquz ayında kənd təsərrüfatının ümumi məhsulu 63 milyon 641 min  manat olmuşdur ki, bu da  ötən  ilin müvafiq dövrü ilə müqayisədə 1,8 % artmışdır. Göstərilən dövrdə diri çəkidə 9448,2 ton ət, o cümlədən quş əti 6660,7 ton, 15147,3 ton süd, 3 milyon 193 min ədəd yumurta istehsal olunmuş, 2013-cü ilin doqquz ayı ilə müqayisədə ət istehsalı 2125,6 ton, süd istehsalı 68,6 ton, yumurta istehsalı 27 min  ədəd artmışdır.
2014-cü ilin məhsulu üçün taxıl əkini sahəsi xeyli genişləndirilərək 45158 hektara çatdırılmışdır.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Cari ilin doqquz ayında 394  km suvarma kanalları, 153,7  km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 56 ədəd, kollektor-drenlərdə 50 ədəd hidrotexniki qurğular və aqreqatlar  əsaslı və cari təmir edilmişdir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 01 oktyabr 2014-cü il tarixə iri buynuzlu mal-qaranın baş sayı 41700 başa, qoyun və keçilərin baş sayı 129411 başa çatdırılaraq ötən ilin eyni dövrü ilə müqayisədə iri buynuzlu 345,  xırda buynuzlu isə 1058  baş artmışdır.
Rayonda baytarlıq xidmətinin işi qənaətbəxş olmuşdur. Belə ki, mal-qara arasında ölümə səbəb ola bilən iti infeksion xəstəliklərə  qarşı zoobaytarlıq xidməti profilaktika işləri vaxtında tam həyata keçirilmişdir.
Fermer və sahibkarların texnika və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq məqsədilə Respublika “Aqrolizinq” ASC-nin Neftçala “Aqroservis” filialının fəaliyyəti genişləndirilərək müxtəlif növ texnikaların sayı 105 ədədə çatdırılmış, torpaq istifadəçilərinin mineral gübrələrlə təminatında müsbət irəliləyişlərə nail olunmuşdur.
Qeyd edirik ki, rayonun Xol zonasında 17000 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Respublika rəhbərliyinin yaxından köməyi nəticəsində Kür çayından Xol zonasına  25 km uzunluğunda “Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi”nə 2006-ci ildə başlanmışdır. Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında “Əhalinin Ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı”na daxil edilmiş, kanalın 2008-2015-ci illər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuş, bununla əlaqədar 2006-cı ildən hal-hazıradək kanalın tikintisinə 10,9 milyon manat vəsait sərf olunmuşdur.
Kanalın tikintisi aparılan ərazidə iri taxılçılıq təsərrüfatlarının  yaradılması nəzərdə tutulmuşdur.
Rayon İcra Hakimiyyəti 2014-ci ilin  9 ayı  ərzində  rayon ərazisində təmir, tikinti və abadlıq  işlərinin  görülməsini  diqqət  mərkəzində  saxlamış, həyata keçirilən  işlərin  keyfiyyətinə  xüsusi  önəm  vermişdir. Hesabat  dövründə  rayon ərazisində  tikinti,  təmir,  yol çəkilişində  16 milyon 600 min manatlıq,  kommunal və sair xidmətlər sahəsində 182 min 387  manatlıq iş  həcmi  yerinə  yetirilmişdir.  Neftçala Su-kanal  idarəsi  Neftçala  şəhərində  inşa  edilən  idman kompleksinin  ərazisindən  keçən  magistral  su  xətlərinin  başqa  istiqamətdən aparılması  ilə  əlaqədar  160 mm olan polietilen borular vasitəsi ilə 1248 metr uzunluğunda  yeni  magistral  su xətti  çəkilərək  istifadəyə  vermişdir. Bundan başqa şəhərin  M.Ə.Rəsulzadə,  A.Cəfərov,  M.Əsədov küçələrində  ümumilikdə  853 metr uzunluğunda  su xətti  çəkilmişdir. 39 saylı Yol İstismar İdarəsi  2014 – cü ilin 9 ayı  ərzində  xidmət etdiyi 40 km olan  respublika  əhəmiyyətli  və 211 km yerli əhəmiyyətli  avtomobil yollarında  ümumilikdə 592,2 min  manatlıq iş həcmi yerinə yetirmişdir.  Neftçala Mənzil- Kommunal Təsərrüfatı İstehsalat  Birliyi 2014–cü ilin 9 ayında  18 min 238,7  manatlıq  iş  həcmi yerinə  yetirmişdir ki,  bundan təmizlik sahəsinə 117 min 114 manat, yaşıllıq sahəsinə isə 65 min 273 manat xərclənmişdir.  Rayonun Heydər Əliyev prospektinin  yenidən  qurulması,  yeni  parkların  salınması,  prospekt  boyunca yol kənarlarının  abadlaşdırılması,  Rayon İcra Hakimiyyətinin,  Heydər Əliyev Mərkəzinin İnzibati Binasının,  “Bayraq” meydanının,  “Şəhidlər Kompleksi”nin,  Kür çayı sahilində “Bulvar”ın, yeni müasir  saat  qülləsinin  tikintisi  başa  çatmışdır. “İdman Kompleksi”nin tikintisi ilə əlaqədar ərazinin hazırlanması işləri davam etməkdədir. Yuxarı Qaramanlı kəndində 360 şagird yerlik tam orta məktəbin, Kürkənd kəndində 200 şagird yerlik tam orta məktəbin tikinti işləri başa çatmış dərs ilinin başalanması münasibətilə şagird- müəllim kollektivinin istifadəsinə verilmişdir. Aşağı Surra kəndində 360 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və əlavə 10 ədəd sinif otağının tikinti  isə başa çatmaq üzrədir, son tamamlanma işləri aparılır.  Azərbaycan Respublikası Prezidentinin 29 may 2014 – cü il tarixli sərəncamına əsasən, rayonunun  sosial – iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə 2014 – cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat,  37 min nəfər əhalinin yaşadığı  21  yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi məqsədi ilə isə 3 milyon manat ayrılmışdır.
Hesabat dövründə Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir.
Hesabat dövründə  ən mühüm ictimai-siyasi hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri olmuşdur. Belə ki, 28 may 2014-cü il tarixində cənab Prezident rayonumuza tarixi səfəri zamanı bir neçə inzibati və sosial əhəmiyyətli obyektlərin açılışında iştirak etmişdir. İlk öncə cənab Prezident xalqımızın  Ümummilli Lideri Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Sonra  Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edərək orada  rayon ictimaiyyətinin bir qrup üzvləri ilə görüş keçirmişdir. Səfərinin sonunda cənab İlham Əliyev Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmiş, Kür çayı sahilində istifadəyə verilən park-bulvar kompleksində aparılan abadlıq quruculuq işləri ilə tanış olmuşdur. Cənab Prezidentin rayonumuza səfəri həmçinin Neftçala rayonunun abadlığı və inkişafı ilə əlaqədar imzaladığı 29 may 2014-cü il tarixli Sərəncamları rayon sakinlərinin böyük sevincinə səbəb olmuşdur.
Rayonda fəaliyyət göstərən "Gündoğar" rayon qəzetində ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət təbliğ olunmuş, sosial-iqtisadi məsələlər geniş işıqlandırılmış, milli-mənəvi dəyərlərin təbliğinə dair materiallar dərc edilmişdir.
  9 ay ərzində rayon ərazisində ictimai-siyasi sabitliyin qorunub saxlanılması işlərinə  də diqqət yetirilmiş, partiyalar və qeyri-hökumət təşkilatları ilə bir sıra əlaqəli işlər aparılmış, eyni zamanda rayonda dini durum da daim nəzarətdə saxlanılmış, din xadimləri ilə müntəzəm əlaqələr zamanı "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına riayət olunması onlara tövsiyə olunmuşdur.
"Beynəlxalq Sülh Günü" ilə bağlı 21 avqust-21 sentyabr tarixlərində rayonda "Sülh"  aylığı keçirilmiş, aylıq çərçivəsində bir sıra tədbirlər təşkil edilmiş, təşkil olunan tədbirlərdə müharibə şəraitində yaşayan ölkəmiz üçün sülhün böyük əhəmiyyət kəsb etdiyi bildirilmiş, sülhün və sabitliyin qorunması istiqamətində respublikada həyata keçirilən mühüm tədbirlər təbliğ edilmiş, ölkə başçısı cənab İlham Əliyevin xalqın və özünün sülh arzusunu ifadə edərək Dağlıq Qarabağ münaqişəsinin əsasən sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həll edilməsinin tərəfdarı olduğu vurğulanmışdır.
  Hesabat dövründə Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri, əlil qadınlar və digər kateqoriyadan olan insanlara diqqət və qayğı göstərilmiş, milli və dini bayramlar ərəfəsində onların ailələrinə baş çəkilmiş, bayram sovqatları  paylanılmış və aztəminatlı ailələr üçün üçün bayram süfrələri təşkil edilmişdir.
          2014-cü ilin 9 ayı ərzində Rayon Təhsil Şöbəsi və rayonun təhsil müəssisələri  təlim-tərbiyə işlərinin  səviyyəsinin yüksəldilməsi, tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə bir sıra işlər görmüşlər. Belə ki, buraxılış sinif şagirdlərinin bilik səviyyəsinin yüksəldilməsi Rayon Təhsil Şöbəsi və məktəb rəhbərlərinin gündəlik diqqət mərkəzində saxlanılmışdır. Məktəblərdə ayrı-ayrı fənlər üzrə test yoxlamaları, monitorinqlər keçirilmiş, nəticələr təhlil olunaraq  məktəb rəhbərlərinə və fənn müəllimlərinə əməli göstəriş və tövsiyələr verilmişdir.
Fənn olimpiadalarının rayon mərhələlərini uğurla keçmiş 6 şagird Respublika turunda iştirak etmiş, bunlardan 4 nəfəri tarix, fizika və Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə Respublika qalibləri olmuşlar.
Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi də diqqət mərkəzində saxlanılmış, Heydər Əliyevin anadan olmasının 91 – ci ildönümü münasibətilə Rayon Təhsil Şöbəsinin Fəaliyyət Planı hazırlanmışdır. Bu Fəaliyyət Planına əsasən ümumtəhsil müəssisələrində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş inşa-yazı müsabiqəsinin seçimləri aparılaraq 31 qalib rayon turunda iştirak etmiş, bunlardan 1 nəfəri Respublika inşa-yazı müsabiqəsində iştirak etmiş və VI yerə layiq görülmüşdür. 
Respublika Fövqəladə Hallar Nazirliyinin Təhsil Nazirliyi ilə birgə “Fövqəladə Hallar uşaqların gözü ilə” Respublika müsabiqəsinin rayon turu uğurlu olmuş, 14 adda rəsm, model və əl işləri Respublika Təşkilat Komitəsinə təqdim edilmiş  və bunlardan biri respublika üzrə I yerə layiq görülmüşdür.
İdman yarışlarında Rayon Uşaq Gənclər İdman məktəbinin nailiyyətləri daha yüksək olmuşdur. Belə ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş Respublika ümumtəhsil məktəbliləri arasında keçirilən "Boks" idman növü üzrə açıq birincilikdə Rayon Uşaq Gənclər İdman Məktəbinin 6 yetirməsi I yerə layiq görülərək qızıl, 2 nəfər isə II yerə layiq görülərək gümüş medala layiq görülmüşdür.
Hesabat ilində  "Cəsurlar" və “Şahin” hərbi-idman yarışları keçirilmiş, bu yarışlarda müvafiq olaraq  şəhər  3 saylı , Bankə qəsəbə 1 və 2 saylı , Qırmızıkənd və Xəzərkənd kənd tam orta məktəblərinin şagirdləri xüsusi fərqlənmişlər. 
  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə fevral-may ayları ərzində Ulu Öndər Heydər Əliyev irsinin öyrədilməsi məqsədilə rayonun Heydər Əliyev Mərkəzində dərslərin yüksək səviyyədə hazırlanıb keçirilməsi ilə bağlı bütün zəruri tədbirlər görülmüş və bu işlər nəzarətə götürülmüşdür. Ümumilikdə tərtib edilmiş qrafikə əsasən rayonun 28 tam orta məktəbindən 693 nəfər XI sinif şagirdi  bu dərslərə cəlb edilmişdir.  Dərslər may ayının 20-dək davam etdirilmişdir.
Hesabat dövründə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanlarının nəticəsində 682 nəfər XI sinif şagirdi attestat, 912 nəfər IX sinif şagirdi isə ümumi orta təhsil səviyyəsi üzrə şəhadətnamə almışdır. Ümumilikdə bu il 682 məzundan 349 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 204 nəfəri ali məktəblərə qəbul olmuşdur. Tələbə adını qazananlardan 41 nəfəri 500-dən çox bal toplamışdır ki, bunların da 8 nəfəri 600-dən yuxarı bal toplayanlardır. Ali məktəblərə tələbə qəbulunda şəhər 4 saylı, Qırmızıkənd, Xolqarabucaq, Qədimkənd və Aşağı Surra kənd tam orta məktəbləri ən yaxşı nəticə göstərmiş məktəblərdir. Yüksək bal toplayan məzunlar mükafatlandırılmış və onlara Fəxri Fərmanlar verilmişdir.
Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində respublikanın gəzməli-görməli yerlərinə təşkil olunan turlarda Neftçala rayonundan olan məktəblilər də iştirak etmiş,  rayon məktəblərindən seçilmiş 40 nəfər fəal şagird avqustun 28-dən 31-dək  Gəncə şəhərinə, Şəmkir və Göygöl rayonlarına ekskursiya etmiş, onlar həmin yerlərin tarixi və gəzməli yerləri ilə tanış olmuşlar. Ekskursiya zamanı şagirdlərin asudə vaxtının daha səmərəli keçməsi üçün təşkil olunmuş  intellektual oyunlarda  rayonumuzun məktəbliləri fəal iştirak etmiş, daha yaxşı nəticə göstərərək kubok qazanmışlar. Şagirdlərlərin yolasalma mərasimləri Azərbaycan televiziyasında işıqlandırılmış, onlar belə bir layihənin təşkilinə görə ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Yeni tədris ilinə hazırlıqla əlaqədar məktəblərdə hazırlıq işləri görülmüş, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər ərazisində "Məktəbli yarmarkası" təşkil edilmişdir.
Rayonda "Beynəlxalq Müəllimlər Günü" münasibətilə "İnam" İntellektual Mərkəzində tədbir keçirilmiş, tədbirdə qabaqcıl təhsil işçiləri, təhsil sahəsində uğur qazanmış müəllimlər Rayon İcra Hakimiyyəti başçısının və Rayon Təhsil Şöbəsinin Fəxri Fərmanları ilə təltif olunmuşlar. 
    Ötən müddətdə təhsilin maddi – texniki bazasının möhkəmləndirilməsi məsələləri diqqət mərkəzində saxlanılmışdır. Bu müddətdə Yuxarı Qaramanlı kənd tam orta məktəbi üçün 360  şagird yerlik və Kürkənd kənd  ümumi orta məktəbi üçün 200 şagird yerlik yeni məktəb binaları  tikilib istifadəyə verilmişdir. Eyni zamanda  Aşağı Surra kənd tam orta məktəbinin əsas binasında əsaslı təmir işləri davam etdirilir.
Yeni tikilən və əsaslı təmir olunan təhsil müəssisələri ilə yanaşı rayonda 15 məktəbin yeni tikintiyə, 21 məktəbin isə əsaslı təmirə ehtiyacı vardır.
Hesabat dövründə müxtəlif adda inventar və avadanlıqlar, kompyuter dəstləri alınaraq rayonun ümumtəhsil məktəblərinə verilmişdir.  Hazırda 23 məktəb sürətli internetə qoşulmuşdur.
  Hesabat dövründə Neftçala Mərkəzi Rayon Xəstəxanasında əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür.
9 ayda Mərkəzi Rayon Xəstəxanasının  xidmət ərazisi üzrə 706 hamilə qeydiyyata  götürülmüş,  696  körpə  doğulmuş, tibbi əks göstərişlər istisna olmaqla doğulan  körpələrin  99,9 %-i  doğum evlərində yoluxucu xəstəliklərə qarşı peyvənd olunmuşdur. 0-1 yaşda uşaq ölümü azalaraq 4,3 promilli olmuşdur ki, respublika üzrə bu göstərici 9,9 promillidir. 9 ay ərzində 411 uşaq üçün Elektron Sağlamlıq Kartı alınmış və uşaqların sağlamlıq vəziyyətini əks etdirən bütün tibbi məlumatlar həmin kartlara yüklənərək Səhiyyə Nazirliyinin ümumi lokal bazasına yerləşdirilmişdir.
   Rayon üzrə 0-14 yaşda olan uşaq kontingentinin sayı 16812 nəfər olmuşdur. 0-14 yaşda olan uşaq kontingentinə aparılan vaksinasiya və immunizasiya  tədbirləri planı   99,1 % yerinə yetirilmişdir. Ötən dövrdə rayon üzrə uşaqlar arasında difteriya, göyöskürək, poliomielit, tetanus, qızılca kimi yoluxucu infeksion xəstəliklər qeydə  alınmamışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa əsasən fevral ayının 17-dən Respublika əhalisinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılmış, rayon ərazisində əhalinin tibbi müayinədən keçirilməsini təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə komissiya yaradılmış, qrafik tərtib edilmişdir. Fevral ayının 17-dən may ayının 1-dək rayonun 52 yaşayış məntəqəsində yaşayan 67268 nəfər bu müayinələrdən  keçmişdir ki, bunun 12050 nəfərini uşaq kontingenti təşkil etmişdir. Bu müayinələr nəticəsində 21 nəfər ilkin şəkərli diabetli, 6 nəfər diffuz toksiki zoblu xəstə aşkar olunmuş, 589 nəfər dispanser müşahidəyə götürülmüşdür. 2523 nəfər ambulator, 52 nəfər stasionar müalicəyə cəlb olunmuş, 79 nəfər isə Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə daha ixtisaslı müayinə və müalicə olunmaq üçün göndərilmişdir.
Həmçinin iyun ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Milli Onkologiya Mərkəzinin yüksək ixtisaslı həkim mütəxəssislərindən ibarət səyyar həkim briqadası onkoloji xəstəliklərin erkən aşkar olunması məqsədilə rayonumuzda müayinələr aparmışdır. Müayinələrdən keçənlərin ümumi sayı 1051 nəfər olmuşdur. Bu müayinələr nəticəsində 16 nəfərdə bu və ya digər onkoloji patologiyalar aşkar olunmuş və onlara daha ixtisaslı müayinə və müalicələr aparılması üçün Milli Onkologiya Mərkəzinə göndəriş verilmişdir.
Neftçala Mərkəzi Rayon Xəstəxanasının 2013-cü ilin avqust ayından başlayan əsaslı təmiri hesabat dövründə də davam etdirilmişdir. Belə ki, ötən müddət ərzində poliklinika, doğum, yoluxucu xəstəliklər, uşaq, terapiya korpuslarında dam örtükləri əsaslı təmir olunmuş, həmin korpusların xarici və daxili divarlarında suvaq işləri başa çatdırılmış, istilik, su-kanalizasiya xətlərinin çəkilişinə başlanılmışdır. 
        Rayonda əhaliyə mədəni-xidmətin təşkili sahəsində Neftçala rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Hesabat dövrü  ərzində tarixi hadisələr, bayramlar və yubileylərlə bağlı geniş və maraqlı mədəni-kütləvi tədbirlər, ədəbi-bədii gecələr, görüşlər, kitab sərgiləri, oxucu konfransları və konsertlər təşkil olunmuşdur. Belə ki, 9 ay ərzində böyük miqyaslı tədbirlər – 20 Yanvar və 26 Fevral Xocalı faciələri, həmçinin 31 mart Dünya Azərbaycanlılarının soyqırımı münasibəti ilə anım mərasimləri keçirilmiş, o illərə aid sənədli filmlər nümayiş etdirilmiş və fotosərgilər təşkil edilmişdir.
Bundan əlavə Dövlət və Milli bayramlara həsr edilmiş maraqlı konsert proqramları təşkil edilmiş, şəhərin park bulvar ərazisində “Yurdumuza bahar gəlir” mövzusunda  kütləvi  teatrlaşdırılmış ümumrayon Novruz bayramı şənliyi sakinlər tərəfindən maraqla qarşılanmışdır.
  Rayonun Hüseyn Cavid adına Mədəniyyət və İstirahət Parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş geniş konsert proqramı hazırlanaraq nümayiş etdirilmiş, bu münasibətlə Neftçala Rayon Dövlət Rəsm Qalereyasında həvəskar rəssamların təsviri sənət əsərlərindən ibarət sərgi təşkil edilmişdir. 
Hesabat dövründə  Heydər Əliyev Mərkəzinin tikintisi yekunlaşaraq istifadəyə verilmişdir. Mərkəzin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Məlumat üçün bildiririk ki, Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və eksponatlar sərgilənir. Mərkəzdə həmçinin elektron kitabxana, xalçaçılıq və toxuculuq, rəqs və xalq çalğı alətləri dərnəkləri fəaliyyət göstərir. Bu dərnəklər gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar yaradacaqdır.
Neftçala Rayon Gigiyena və Epidemiologiya Mərkəzi 2014-cü ilin 9 ayı ərzində fəaliyyət sahələri üzrə bir sıra tədbirlər həyata keçirmiş, əhali arasında aşkar olunan yoluxucu xəstəliklərin aradan qaldırılması, onlara qarşı aparılan profilaktiki və əksepidemik tədbirlərin  yerinə yetirilməsinə səy göstərilmişdir.
Hesabat dövründə rayonda 42 vərəm, 25 kəskin bağırsaq və 3 brusellyoz    xəstəlikləri aşkar olunmuş, onların bir qismi stasionar, bir qismi isə ev şəraitində müalicə olunmuşlar. Yoluxucu xəstəliklərə qarşı aparılan tədbirlərdən biri əhali arasında davamlı immunitet yaratmaq məqsədilə peyvəndlərin yerinə yetirilməsi işləridir. Belə ki, ötən müddət ərzində yeni doğulmuş körpələrə vərəm, hepatit B, poliomelitə qarşı peyvəndlər- 99,9 %, Hiv-ə qarşı 2 aylıqdan peyvəndlər 74,8%, təkrar 18 aylıqda 74,6%, 1 yaşda qızılca, məxmərək və parotitə qarşı 74,8 %, 6 yaşda difteriya, tetanus və qızılca, parotit, məxmərəyə qarşı 74,9% yerinə yetirilmişdir.
   Hesabat dövrü ərzində Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonda gənclərlə işin təşkili sahəsində, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, “Gənclər günü” münasibətilə rayonun  fəal gənclərin iştirakı ilə tədbir keçirilmiş, tədbirdə maraqlı əyləncəli-konsert proqramları və yarışlar təşkil edilmişdir.
Hesabat  ərzində əlamətdar günlər münasibətilə  inşa yazı və rəsm müsabiqələri, müxtəlif  aktual mövzularda dəyirmi masalar,  sosioloji rəy sorğuları,  bilik yarışları və viktorinalar keçirilmiş, həmçinin gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq məqsədilə bir sıra silsilə tədbirlər təşkil edilmişdir. Keçirilən tədbirlərdə əsasən milli-mənəvi dəyərlərimiz, ölkədə aparılan uğurlu siyasət təbliğ edilmiş, aparılan söhbətlərdə gənclərimizə yüksək vətənpərvərlik hissləri aşılanmış, əsas diqqət cəmiyyət üçün  sağlam və müasir gənc yetişdirilməsinə yönəldilmişdir. 
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar rayon gənclərinin iştirakı ilə "Ümummilli Liderimiz Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğ edilməsi" mövzusunda  dəyirmi masa keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatı 2014-cü ilin  doqquz ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. Hərbi xidmətə çağırışla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışla bağlı sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən 2014-cü ilin doqquz ayında 379 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur. Hərbi çağırışçılar arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və onların çağırışdan yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında təbliğat və maarifləndirmə işləri aparılmışdır.
2014-cü ilin 9 ayı ərzində rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 63 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 97,1 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı 2013-cü ilin 9 ayına nisbətdə 2014-cü ilin  doqquz ayında  8 cinayət faktı az olmuşdur.
2014-cü ilin 9 ayında   İcra hakimiyyəti başçısı tərəfindən 30  səyyar görüş və qəbul keçirilmiş, bu görüşlərdə 3180 nəfər iştirak etmişdir. Keçirilən  görüşlərdə 157 nəfər  102 tənqidi qeyd və təkliflə çıxışlar etmişdir ki, bunlardan 15-i meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, 19-u yol və körpülərin inşası və ya təmiri, 1-i tibb müəssisələrinin təmiri və inşası, 4-ü təhsil müəssisələrinin təmiri və ya inşası, 16-sı elektrik təsərrüfatının yenidən qurulması, 16-sı mavi yanacaq ilə təminat, 11-i içməli su ilə təminat, 1-i kanalizasiya sisteminin yaradılması və yenidən qurulması, 4-ü abadlıq və quruculuq işlərinin aparılması, 1-i internetə qoşulma sürətinin artırılması və 14-ü digər məsələlərdən ibarət olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, həlli istiqamətində aidiyyatı üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər  qaldırılmış və həlli yerlərdə mümkün olan problemlərin  aradan qaldırılmasından ötrü tədbirlər həyata keçirilmişdir
2014-cü ilin 9 ayında   Rayon İcra Hakimiyyəti başçısı aparatına  ümumilikdə   680 ərizə, şikayət və təklif daxil olmuşdur.  O cümlədən Prezident Administrasiyasından 167, Milli Məclisdən 8, Mərkəzi Orqanlardan  50, Nazirlər Kabinetindən 1  ərizə daxil olmuşdur. 454 ərizə bilavasitə vətəndaşlar tərəfindən  Rayon İcra Hakimiyyətinə  ünvanlanmışdır.
Müraciətlər mövzular üzrə araşdırılarkən mənzil məsələləri üzrə 44, torpaq məsələləri üzrə 111, tikinti məsələləri üzrə 46, əmək məsələləri üzrə 24, təbii, texnogen hadisələr üzrə 13, digər məsələlər üzrə 119, enerji, qaz və su təchizatı  üzrə 32, kənd təsərrüfatı məsələləri üzrə 36, bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 12, birdəfəlik maddi yardım və məişət problemi 37, qəbul haqqında 13, minnətdarlıq barədə 8, əhalinin sosial müdafiəsi məsələlərlə bağlı 20, kommunal məsələlərlə bağlı 14,  tikinti materialları ilə köməklik olunması barədə 109, dövlət sosial məsələləri ilə bağlı 5, sahibkarlığın inkişafı və iqtisadi məsələlərlə bağlı 17, təhsil, səhiyyə, mədəniyyət məsələləri 20 təşkil etmişdir. 
   2014-cü ilin 9 ayında   İcra Hakimiyyəti başçısı tərəfindən 233 vətəndaş qəbul edilmişdir. O cümlədən  İcra Hakimiyyəti başçısı aparatında 75 nəfər, səyyarı qəbullarda 158   nəfər vətəndaş qəbul edilmişdir.
       Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul olunmuş vətəndaşların müraciətləri  mövzular üzrə araşdırılarkən  7 müraciət mənzil ilə təmin olunma, 20 müraciət  işlə təmin olunma, 10 müraciət torpaq məsələləri, 5 müraciət kommunal məsələləri, 8 müraciət evinin qəzalı olması, 15 müraciət tikinti məsələləri, 2 müraciət ünvanlı sosial yardım,  8 müraciət digər məsələlər barədə   olmuşdur.
         Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub öz fəaliyyətini   daha da genişləndirəcək, bütün sahələrdə inkişafa və tərəqqiyə nail olmaq üçün lazımi tədbirlər görəcəkdir.

Keçidlər