Neftçala şəhərində şəhidin doğum günü qeyd olunub və şəhid bulağının açılışı olub
44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhidlərimizdən olan Məmmədli Pərviz Həsən oğlunun 30.03.2022-ci il tarixində Neftçala şəhərində doğum günündə xatirə bulağının açılışı olub. Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri,idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və digər məsul şəxslər iştirak edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər şəhid Məmmədli Pərvizin həyat yolundan, döyüş şücaətlərindən danışıb və ruhu ehtiramla yad olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident 44 Günlük Vətən müharibəsində Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, əsgər və zabitlərimizin rəşadəti ilə 30 ilə yaxın davam edən vətən həsrətinə son qoyulmasından və qələbə qazanılmasından, hər zaman şəhid ailələrinin və qazilərin diqqətdə saxlasılmasından, onların qeyd etdikləri problemlərin qanuna müvafiq qaydada həll olunmasından, işğaldan azad olunan torpaqlarımızda aparılan abadlıq- quruculuq işlərindən və cənab Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan xüsusi diqqətindən və qayğısından danışıb.
Şəhid Məmmədli Pərviz Həsən oğlu 30 mart 1996-cı il Neftçala şəhərində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 25-də Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə Pərviz Məmmədli ölümündən sonra təltif edilib.
Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiribər.
Tədbir məktəblilərin hazırladıqları kompozisiyalar ilə davam edib.