Neftçala rayonunda müşavirə keçirilib
Neftçala rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri ilə müşavirə keçirilib.
Müşavirədə Neftçala RİH başçısı Mirhəsən Seyidov, Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafael Quliyev, RİH məsul şəxsləri, yerli inzibati ərazi dairəsi üzrə nümayəndələr, Neftçala Suvarma Sistemləri İdarəsinin, DAİM-nin, müxtəlif şirkətlərin məsul şəxsləri və fermerlər iştirak edib.
Müşavirədə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır”.
Çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafael Quliyev bildirib ki, kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, həmçinin əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rola sahibdir.
Müşavirədə Kənd təsərrüfatı işlərinin yerlərdə sürətləndirilməsi, taxılçılığın mövcud vəziyyəti, pambıq əkininə hazırlıq, fermerlərin gübrə və pestisidlərlə təminatı, quraqlıq və Kür çayının hazırki vəziyyəti və digər məsələlər müzakirə olunub.
Müşavirə fermerlər ilə qarşılıqlı müzakirələr ilə davam edib.