Neftçala rayonunda daha yeni iki məktəb binası tikilib istifadəyə verildi
15 sentyabr–Bilik Günü Respublikanın hər yerində olduğu kimi, Neftçala rayonunda da əsl bayram əhval-ruhiyyəsi ilə qeyd olundu. Ən sevindirici hal o idi ki, rayonumuzda müasir tələblərə cavab verən 220 şagird/yerlik Kürkənd kənd ümumi orta məktəbi və 360 şagird/yerlik Yuxarı Qaramanlı kənd tam orta məktəbi tikilərək şagirdlərin istifadəsinə verildi. Yeni məktəblərin açılışında iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev yeni tədris ilinin başlanması münasibətilə şagirdləri və müəllimləri təbrik etdi. Məktəb həyatına yeni qədəm basan birincilərə uğurlar arzuladı.
Dövlət başçısı İlham Əliyevin təhsilə xüsusi diqqət və qayğısının təzahürü olaraq ölkəmizin bütün bölgələrində yeni tədris ocaqlarının tikildiyini vurğulayan icra başçısı bu qayğıdan Neftçalada da böyük töhfə düşdüyünü qeyd etdi. Hər cür lazımi avadanlıqla təmin olunmuş yaraşıqlı sinif otaqlarından ibarət məktəblərin istifadəyə verilməsini ölkə rəhbərliyinin təhsil sahəsinə olan insan amilinə verdiyi yüksək dəyərin məntiqi nəticəsi kimi qiymətləndirdi, yaradılmış şəraitdən məktəblilərin düzgün istifadə edərək biliklərini artırmalarının, gələcəkdə layiqli vətəndaş olmaq üçün yaxşı oxumalarının vacibliyini vurğuladı.