Neftçala rayonunda Bədən tərbiyəsi və İdman Günü qeyd olunub
Neftçala Rayon İcra Hakimiyyətində 5 mart Bədən tərbiyəsi və İdman Günü qeyd olunub, idmançılar və onların müəllimləri ilə görüşülüb.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, Neftçala rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin, GİKM-nin rəhbərləri, idmançılar və onların müəllimləri iştirak edib.
İlk öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli və Şəhidlər Abidə Kompleksi ziyarət olunub, gül dəstələri düzülüb və ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və rəhmətə gedən idmançıların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il mart ayının 5-nin Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilməsindən, ölkəmizdə idmanın inkişafının ildən-ilə daha geniş vüsət almasından və Azərbaycanın dünyada güclü idman ölkəsi kimi tanınmasından danışıblar.
Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov cənab Prezident İlham Əliyevin hər zaman idmana, idmançılara olan diqqət və qayğısından, Rayon ərazisində inşa edilən İdman Olimpiya Kompleksinin bütün idman standartlarına cavab verməsindən danışıb və neftçalalı idmançıları göstərdikləri uğurlarına, qələbə və nailiyyətlərinə görə 5 mart Bədən tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib.
Tədbirin sonunda neftçalalı idmançılar Fəxri Fərman və xatirə hədiyyələri ilə təltif olunublar.
İdmançılar və onların müəllimləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyeva öz təşəkkür və minnətdarlıqlarını bildiriblər.