Neftçala rayonunda Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun adının əbədiləşdirilməsi ilə əlaqədar tədbir təşkil olunub
Neftçala rayonunda RİH təşkilatçılığı və Neftçala rayon Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin dəstəyi ilə Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun adının əbədiləşdirilməsi ilə əlaqədar olaraq tədbir təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, İrəli İctimai Birliyinin sədri və Vətən müharibəsi iştirakçısı Şahin Rəhmanlı, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və digər qonaqlar iştirak edib.
Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı ilk öncə Neftçala rayon Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladığı rəsm əsərlərinə baxış keçirib.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbirdə çıxış edənlər Vətən Müharibəsi Qəhrəmanının bacısı Xəyalə Ağamalıyeva və bacısı qızı Elmira Ağamalıyeva Camal İsmayılov haqqında öz xatirələrini bölüşüb və xoş sözlərini ifadə ediblər.
İrəli İctimai Birliyinin sədri və Vətən müharibəsi iştirakçısı çıxış edərək Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qələbəmizdən, bu döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək iştirak edən şəhid Camal İsmayılovun həyatından, şücaətindən, keçdiyi döyüş yolundan danışıb.
Neftçala RİHB Mirhəsən Seyidov Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun ailəsi ilə görüşüb və onların qayğıları ilə maraqlanıb. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbir İrəli İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə hazırlanan Müzəffər Əsgərimiz – Camal İsmayılov adlı videoçarxın təqdimatı, Neftçala rayon Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin hazırladığı musiqili proqram ilə davam edib.
Məlumat üçün bildiririk ki, sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində Camal İsmayılov Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən Müharibəsi Qəhrəmanı” medalları ilə təltif olunub.