Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonu İcra Hakimiyyəti başçısının 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatı keçirilmişdir

30 iyul 2014 | 15:00

15 iyul 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının  sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə hesabat keçirilmişdir.
   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi irsinə əsaslanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi inkişaf kursu ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edərək müsbət sosial-iqtisadi nəticələrin əldə edilməsini şərtləndirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 10 iyul 2014-cü il tarixli iclasındakı nitqində demişdir: ” Deyə bilərəm ki, ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilmişdir. Qarşıda duran bütün məsələlər uğurla icra edilmişdir. Bir dənə də olsun icra edilməmiş məsələ yoxdur. Əlbəttə, bu, deməyə əsas verir ki, ilin sonuna qədər də bütün vəzifələr icra ediləcək, ölkəmizin dinamik uğurlu inkişafı davam edəcəkdir. Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur. Davos Dünya İqtisadi Forumu- dünyanın bir nömrəli iqtisadi forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək bizi 39-cu yerdə yerləşdiribdir. Hesab edirəm ki, gənc müstəqil ölkə üçün bu, çox böyük göstəricidir.
  Birinci altı ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir- iqtisadiyyat 2,1 faiz artmışdır. Bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyildir. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, mən bunu sevinc hissi ilə qeyd edirəm, - son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir. Bu da əlbəttə ki, dediyim məsələlərin nəticəsidir. Çünki əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaqdır.
  İnflyasiya Azərbaycanda nəinki birrəqəmlidir, hətta 1,6 faiz təşkil edir. Bu, çox gözəl göstəricidir. Xüsusilə nəzərə alsaq ki, ölkəmizə bu qədər həm daxili, həm xarici investisiyalar qoyulur, maaşlar, pensiyalar ildən-ilə qaldırılır, sovet vaxtından qalmış əmanətlər kompensasiya şəklində, MDB-də ən böyük əmsalla, ən qısa müddət ərzində insanlara qaytarılmışdır- bütün bu amillərə baxmayaraq, inflyasiya cəmi 1,6 faizdir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artıb, yəni, inflyasiyanı 3 dəfə üstələyir. İstənilən ölkə üçün bu, ən arzu olunan balansdır. Ona görə bu amillər, iqtisadiyyatımızın əsas göstəriciləri bizə ümid verir deyək ki, biz bu templəri ilin sonuna qədər saxlayacağıq. Ümid edirəm belə də olacaqdır, ümumi daxili məhsul daha da artacaqdır. Kənd təsərrüfatında inkişaf müşahidə olunur. Kənd təsərrüfatımız təxminən 6 faiz artıbdır. Ümid edirəm ki, biz gələn illərdə daha da böyük artıma nail olacağıq.
  Bu il üçüncü regional inkişaf proqramı qəbul edilmişdir. Bu proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılmışdır ki, onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bugünə qədər- bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir. Demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılmışdır, çox aşağı səviyyədədir. Üçüncü regional inkişaf proqramının icrası nəticəsində 2018-ci ilə qədər bizim bütün əsas infrastruktur və sosial məsələlərimiz öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaqdır.
  Sosial məsələlərin həlli bu altı ayda da diqqət mərkəzində olmuşdur. Orta əməkhaqqı artıb, indi 440 manat və ya 560 dollar təşkil edir. Əminəm ki, daha da artacaqdır. Sosial infrastruktur layihələri icra edilir. Səksəndən çox təhsil müəssisəsi, qırxdan çox səhiyyə ocağı təmir olunur, tikilir. Yəni bu da sosial sahəyə ayrılan vəsaitin, diqqətin hesabına olan məsələlərdir. ”
2014-cü ilin birinci yarısında rayonda ümumi məhsul istehsalının həcmi 2013-cü ilin müvafiq dövrünə  nisbətən 0,7 %  artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 111,0 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə  müqayisədə 0,8  milyon manat çoxdur. 2014-cü ilin birinci yarısında ümumi məhsulun tərkibində sənaye məhsulu 12 milyon 714,4 min manat və ya ümumi məhsulun 11,4 %-i qədər, kənd təsərrüfatı məhsulu 53 milyon 277,5 min manat və ya 48,0 %, nəqliyyat xidməti 822,8 min manat  və ya 0,7 %, rabitə xidməti 305,8 min manat  və ya 0,3 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 32 milyon 330,7 min manat və ya 29,1 % , tikinti işlərinin həcmi 11 milyon 561,8 min manat və ya  10,5 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2013-cü ilin birinci yarımilinə nisbətən   0,7% artaraq 87,1%-ə çatmışdır. Adambaşına 1327,6 manatlıq və ya  2013-cü ilin müvafiq dövrünə nisbətən 1,1 % çox məhsul istehsal edilmişdir.
2014-cü ilin birinci yarısında rayonda 4 yeni müəssisə yaradılmış, 317 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 4, fiziki şəxslər üzrə 317, mövcud müəssisə və təşkilatlarda 108 olmaqla, cəmi 429 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti, quruculuq, abadlıq işlərinə 135 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 1305 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
        Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 12 milyon 714,4 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 83,0 % təşkil etmişdir.
        2014-cü ilin birinci yarısında nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 302,0 min ton yük,  3 milyon 579,0 min nəfər sərnişin daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən yük daşınması 3,1 faiz, sərnişin daşınması isə 5,4  faiz artmışdır.
        Hesabat dövründə  rabitə müəssisələri tərəfindən  əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 305,8 min manatlıq rabitə xidməti göstərilmişdir.  Göstərilən rabitə xidmətlərinin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,3% artmışdır. Ümumi xidmətin 96,4 %-i bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 62 ədəd telefon aparatı düşür.
        Cari ilin birinci yarısında əhalinin nominal pul gəlirləri 26 milyon 13,0 min manat olmuş, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,1 % artmışdır. Adambaşına düşən pul gəlirləri 2,0 % artaraq  311,2  manat olmuşdur. Rayon üzrə  bir işçinin orta aylıq əmək haqqı 267,6 manat təşkil edir. Bu isə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,0 % çoxdur. İlin əvvəlindən əhaliyə 75,2 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 3,2 % artaraq 63,7 milyon manata, pullu xidmətlərin həcmi 4,5 % çoxalaraq 10,1 milyon manata, iaşə xidmətlərinin həcmi 10,0 % artaraq 1,4 milyon manata çatmışdır.
       2014-cü il üçün rayonun yerli gəlirləri 5 milyon 104,0 min manat, xərcləri isə 16 milyon 323,0 min manat təsdiq olunmuşdur. 2014-cü ilin birinci yarısında büdcəyə 2 milyon 343,0 min manata qarşı 2 milyon 380,0 min manat  vəsait daxil olmuş və ya 102 % icra olunmuş, yerli xərclər 8 milyon 8,0 min manata qarşı 6 milyon 959,0 min manat və ya 86,9 % icra olunmuşdur.
         01 iyul 2014-cü il tarixə pensiya və müavinət alanların sayı 13376 nəfər, ünvanlı dövlət sosial yardımı alanların sayı 1219 ailə olmuş, 146 kimsəsiz, ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir.
         2014-cü ilin birinci yarısında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 nəfər müharibə əlilinə pulsuz avtomobil verilmişdir. 
2014-cü ilin 6 ayı ərzində Rayon Məşğulluq Mərkəzi  tərəfindən 178 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş və 39 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. 16 nəfər peşə hazırlığı kurslarına, 5 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Sahibkarlığın inkişafına dəstək olaraq rayonda fəaliyyət göstərən 3 bank və 1 bank olmayan kredit təşkilatlarının filialları tərəfindən sahibkarlara və vətəndaşlara ümumilikdə 3 milyon 633,0 min manat kredit verilmişdir ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 69,0% çoxdur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 5 nəfər sahibkara 57,0 min manat məbləğində kredit verilmişdir.     
        2014-cü ilin birinci yarısında Neftçala Elektrik Şəbəkəsi tərəfindən rayona  73,0 milyon kvt. saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 27,0 milyon kvt. saatı əhaliyə satılmış, həmin enerjinin dəyərinin 74,0 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 99,0% təşkil edir.
          2014-cü ilin 6 ayı ərzində Rayon Qaz İstismar Sahəsi tərəfindən 7 milyon 914,0  min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 7 milyon  193,0 min kub metr olmuş, bunun da  dəyərinin 95 % ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 99,9% təşkil edir.
          2014-cü ilin birinci yarısında rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodu tərəfindən 6 milyon 180,0 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu da 2013-cü ilin müvafiq dövründə olan göstəricidən 78,5% çoxdur.
Rayonda hesabat dövründə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, cari ilin birinci yarısında kənd təsərrüfatının ümumi məhsulu 533 milyon  manat olmuşdur ki, bu da  ötən  ilin müvafiq dövrü ilə müqayisədə 1,1 % artmışdır. Göstərilən dövrdə diri çəkidə 6336,1 ton ət, o cümlədən quş əti 4439,1 ton, 9739 ton süd, 2 milyon 682 min ədəd yumurta istehsal olunmuş, 2013-cü ilin birinci yarısı ilə müqayisədə ət istehsalı 1583,6 ton, süd istehsalı 66,7 ton, yumurta istehsalı 2 min  ədəd artmışdır.
2014-cü ilin məhsulu üçün taxıl əkini sahəsi xeyli genişləndirilərək 45158 hektara çatdırılmışdır.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Cari ilin birinci yarısında 242,7  km suvarma kanalları, 82,1  km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 37 ədəd, kollektor-drenlərdə 33 ədəd hidrotexniki qurğular,  nasos stansiyası və aqreqatları  əsaslı və cari təmir edilmişdir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 01 iyul 2014-cü il tarixə iri buynuzlu mal-qaranın baş sayı 42504 başa, qoyun və keçilərin baş sayı 134727 başa çatdırılaraq ötən ilin eyni dövrü ilə müqayisədə 442 və 722 baş artmışdır.
Rayonda baytarlıq xidmətinin işi qənaətbəxş olmuşdur. Belə ki, mal-qara arasında ölümə səbəb ola bilən iti infeksion xəstəliklərə  qarşı zoobaytarlıq xidməti profilaktika işləri vaxtında tam həyata keçirilmişdir.
Qeyd edirik ki, rayonun Xol zonasında 17000 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Respublika rəhbərliyinin yaxından köməyi nəticəsində Kür çayından Xol zonasına  25 km uzunluğunda “Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi”nə 2006-ci ildə başlanmışdır. Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında “Əhalinin Ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı”na daxil edilmiş, kanalın 2008-2015-ci illər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuş, bununla əlaqədar 2006-cı ildən hal-hazıradək kanalın tikintisinə 10,5 milyon manat vəsait sərf olunmuşdur.
Kanalın tikintisi aparılan ərazidə iri taxılçılıq təsərrüfatlarının  yaradılması nəzərdə tutulmuşdur.
Rayon İcra Hakimiyyəti 2014-ci ilin birinci yarısında rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə   xüsusi önəm vermişdir.
     Hesabat dövründə rayon ərazisində tikinti, təmir, yol çəkilişində 12 milyon 429,5  min manatlıq, kommunal və sair xidmətlər sahəsində 93 min 887 manatlıq iş həcmi yerinə yetirilmişdir. Neftçala  Su-kanal  idarəsi Neftçala  şəhərində  inşa  edilən  idman  kompleksinin  ərazisindən  keçən  magistral  su  xətlərinin  başqa  istiqamətdən  aparılması  ilə  əlaqədar  160 mm  olan  polietilen  borular  vasitəsi  ilə  1248 metr  uzunluğunda  yeni  magistral  su  xətti  çəkərək  istifadəyə  vermişdir. Bundan başqa şəhərin  M.Ə.Rəsulzadə, A.Cəfərov, M.Əsədov  küçələrində   ümumilikdə  853 metr  uzunluğunda su  xətti  çəkilmişdir. 39  saylı  yol  istismar  idarəsi  2014 – cü  ilin  yanvar – iyun  aylarında  xidmət  etdiyi  40 km  olan  respublika  əhəmiyyətli  və  211 km  yerli  əhəmiyyətli  avtomobil  yollarında  ümumilikdə  370.8 min  manatlıq  iş  həcmi  yerinə  yetirmişdir.
  Neftçala  Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2014–cü ilin birinci yarısında  65 min 626  manatlıq iş həcmi yerinə yetirmişdir ki, bundan təmizlik  sahəsinə 32 min 514 manat, yaşıllıq  sahəsinə isə  33 min 112 manat  xərclənmişdir.
Rayonun Heydər Əliyev prospektinin yenidən qurulması, yeni parkların salınması, prospekt boyunca yol kənarlarının abadlaşdırılması, Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin İnzibati Binasının, “Bayraq” meydanının, “Şəhidlər Kompleksi”nin, Kür  çayı sahilində “Bulvar”ın , yeni müasir saat qülləsinin  tikintisi  başa  çatmışdır.  “İdman Kompleksi”nin tikintisi ilə əlaqədar ərazinin hazırlanması işləri davam  etməkdədir.   Yuxarı  Qaramanlı  kəndində   360  şagird  yerlik  tam orta məktəbin,  Aşağı  Surra  kəndində  360  şagird  yerlik  tam  orta  məktəbin  əsaslı  təmiri  və  əlavə  10 ədəd  sinif  otağının,   Kürkənd  kəndində  200 şagird  yerlik tam  orta  məktəbin  tikinti   işləri  uğurla  davam  etməkdədir.
  Azərbaycan  Respublikası  Prezidentinin  29  may  2014 – cü  il  tarixli  sərəncamına  əsasən,  rayonunun  sosial – iqtisadi  inkişafının  daha  da  sürətləndirilməsi  məqsədi  ilə  2014 – cü  il  dövlət    büdcəsində  nəzərdə  tutulmuş Prezidentin ehtiyat  fondundan  2  milyon  manat,  37 min  nəfər  əhalinin  yaşadığı  21  yaşayış  məntəqəsini  birləşdirən  Şorkənd-Beştalı-Bankə-Şirvanlı   avtomobil  yolunun  tikintisi  məqsədi  ilə isə 3  milyon  manat  ayrılmışdır.
Hesabat dövründə Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir. 2014-cü ilin birinci yarısında ən mühüm ictimai-siyasi hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri olmuşdur. Belə ki, 28 may 2014-cü il tarixində cənab Prezident rayonumuza tarixi səfəri ilə bir neçə inzibati və sosial əhəmiyyətli obyektlərin açılışında iştirak etmişdir. İlk öncə cənab Prezident xalqımızın  Ümummilli Lideri Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Sonra Prezident İlham Əliyev  Heydər Əliyev Mərkəzinin açılışında iştirak edərək orada  rayon ictimaiyyətinin bir qrup üzvləri ilə görüş keçirmişdir. Sonra cənab prezident Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmiş, Kür çayı sahilində istifadəyə verilən park-bulvar kompleksində aparılan abadlıq quruculuq işləri ilə tanış olmuşdur.
2014-cü ilin birinci yarısında rayon ərazisində ictimai-siyasi sabitliyin qorunub saxlanılması işlərinə  də diqqət yetirilmiş, partiyalar və qeyri-hökumət təşkilatları ilə bir sıra əlaqəli işlər aparılmışdır. Rayonda 13 siyasi partiya, 18 qeyri-hökümət təşkilatı fəaliyyət göstərir. Eyni zamanda rayonda dini durum da daim nəzarətdə saxlanılmış, din xadimləri ilə müntəzəm əlaqələr zamanı "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına riayət olunması onlara tövsiyə olunmuşdur.
Rayonda fəaliyyət göstərən "Gündoğar" rayon qəzetində ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət təbliğ olunmuş, sosial-iqtisadi məsələlər geniş işıqlandırılmış, milli-mənəvi dəyərlərin təbliğinə dair materiallar dərc edilmişdir.
  Hesabat dövründə Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri, əlil qadınlar və digər kateqoriyadan olan insanlara diqqət və qayğı göstərilmiş, Novruz bayramı ərəfəsində onların ailələrinə bayram sovqatları  paylanılmışdır.
          2014-cü ilin  birinci yarısında Rayon Təhsil Şöbəsi və rayonun təhsil müəssisələri təlim-tərbiyə işlərinin səviyyəsinin yüksəldilməsi, tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə bir sıra işlər görmüşlər.
Yanvar ayının 12-də fənn olimpiadalarının rayon mərhələsinin  ikinci turu keçirilmiş, rayon fənn olimpiadalarında I mərhələnin 46 nəfər qalibi II mərhələdə iştirak etmiş, onlardan 7 nəfəri I yerə layiq görülərək Respublika turunda iştirak etmək səlahiyyəti qazanmışdır. O cümlədən, Fizika fənni üzrə Xıllı qəsəbə 1 saylı tam orta məktəbin 2 şagirdi, Azərbaycan tarixi və biologiya fənni üzrə Qədimkənd kənd tam orta məktəbin 2 şagirdi, Azərbaycan tarixi fənni üzrə Cəngan kənd tam orta məktəbin 1 şagirdi və Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Aşağı Surra kənd tam orta məktəbin 1 şagirdi bu mərhələyə layiq görülmüşdür.  
Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi də diqqət mərkəzində saxlanılmışdır. Heydər Əliyevin anadan olmasının 91 – ci ildönümü münasibətilə Təhsil Şöbəsinin Fəaliyyət Planı hazırlanmışdır. Bu Fəaliyyət Planına əsasən mart ayının 10-na qədər ümumtəhsil müəssisələrində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş inşa-yazı müsabiqəsinin seçimləri aparılmış və 31 qalib 13 mart 2014-cü il tarixində keçirilmiş rayon turunda iştirak etmişdir. Qırmızıkənd kənd tam orta məktəbin IX sinif şagirdi Allahverdizadə Cavidan I yerə layiq görülərək Respublika inşa-yazı müsabiqəsində iştirak etmiş və IV yerə layiq görülmüşdür.  
"İstedadlı uşaqlar -2014"  festivalında Cəngan kənd tam orta məktəbin IX sinif şagirdi Rzayeva İlahə Əlirza qızı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomunu, habelə komitənin emblemini və hədiyyələrini  almışdır. 
  Xocalı soyqırımının 22-ci, 20 Yanvar faciəsinin 24-cü, 31 Mart Azərbaycanlıların Soyqırımının 96-ci ildönümü münasibətilə rayonun bütün təhsil müəssisələrində müxtəlif tədbirlər, o cümlədən matəm mərasimləri keçirilmiş, xüsusi divar qəzetləri, bülletenlər buraxılmış, stendlər, güşələr yaradılmış, vətənpərvərlik mövzusunda bədii qiraətlər, görüşlər, söhbətlər keçirilmiş, həmin faciələrə həsr edilmiş xüsusi dərslər keçirilmişdir.
Rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə fevral-may ayları ərzində Ulu Öndər Heydər Əliyev irsinin öyrədilməsi məqsədilə rayonun Heydər Əliyev Mərkəzində dərslərin yüksək səviyyədə hazırlanıb keçirilməsi ilə bağlı bütün zəruri tədbirlər görülmüş və bu işlər nəzarətə götürülmüşdür. Ümumilikdə tərtib edilmiş qrafikə əsasən rayonun 28 tam orta məktəbindən 693 nəfər XI sinif şagirdi  bu dərslərə cəlb edilmişdir.  Dərslər may ayının 20-dək davam etdirilmişdir.
  İyun ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanlarının nəticəsində 682 nəfər XI sinif şagirdi attestat, 912 nəfər IX sinif şagirdi isə ümumi orta təhsil səviyyəsi üzrə şəhadətnamə almışdır. Ümumilikdə bu il ali məktəblərə 368 nəfər abituriyent sənəd vermişdir.  
Yeni tikilən və əsaslı təmir olunan təhsil müəssisələri ilə yanaşı rayonda 15 məktəbin yenidən tikintiyə, 21 məktəbin isə əsaslı təmirə ehtiyacı vardır. 
  Hesabat dövründə Neftçala Mərkəzi Rayon Xəstəxanasında əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda rayonda ümumi stasionar 160 çarpayılıq 2 xəstəxana, 15 həkim məntəqəsi və 4 tibb məntəqəsi fəaliyyət göstərir. 
Cari ilin birinci yarısında Mərkəzi Rayon Xəstəxanasının  xidmət ərazisi üzrə 525 hamilə qeydiyyata  götürülmüş,  515  körpə  doğulmuş, tibbi əks göstərişlər istisna olmaqla doğulan  körpələrin  99,9 %-i  doğum evlərində yoluxucu xəstəliklərə qarşı peyvənd olunmuşdur. 0-1 yaşda uşaq ölümü 5,8 promilli olmuşdur ki, respublika üzrə bu göstərici 9,9 promillidir. 6 ay ərzində 302 uşaq üçün Elektron Sağlamlıq Kartı alınmış və uşaqların sağlamlıq vəziyyətini əks etdirən bütün tibbi məlumatlar həmin kartlara yüklənərək Səhiyyə Nazirliyinin ümumi lokal bazasına yerləşdirilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa əsasən fevral ayının 17-dən Respublika əhalisinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılmış, rayon ərazisində əhalinin tibbi müayinədən keçirilməsini təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə komissiya yaradılmış, qrafik tərtib edilmişdir. Fevral ayının 17-dən may ayının 1-dək rayonun 52 yaşayış məntəqəsində yaşayan 67268 nəfər bu müayinələrdən  keçmişdir ki, bunun 12050 nəfərini uşaq kontingenti təşkil etmişdir. Bu məqsədlə Neftçala Mərkəzi Rayon Xəstəxanasında 4-ü səyyar olmaqla 6 həkim briqadası yaradılmış, Rayon İcra Hakimiyyəti ilə birgə tərtib olunmuş  qrafikə əsasən həmin həkim briqadaları rayonun qəsəbə və kəndlərində əhalini profilaktik tibbi müayinədən keçirmişlər. Bu müayinələr nəticəsində 21 nəfər ilkin şəkərli diabetli, 6 nəfər diffuz toksiki zoblu xəstə aşkar olunmuş, 589 nəfər dispanser müşahidəyə götürülmüşdür. 2523 nəfər ambulator, 52 nəfər stasionar müalicəyə cəlb olunmuş, 79 nəfər isə Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə daha ixtisaslı müayinə və müalicə olunmaq üçün göndərilmişdir.
Həmçinin iyun ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Milli Onkologiya Mərkəzinin yüksək ixtisaslı həkim mütəxəssislərindən ibarət səyyar həkim briqadası onkoloji xəstəliklərin erkən aşkar olunması məqsədilə rayonumuzda müayinələr aparmışdır. Müayinələrdən keçənlərin ümumi sayı 1051 nəfər olmuşdur. Müayinələr nəticəsində 16 nəfərdə bu və ya digər onkoloji patologiyalar aşkar olunmuş və onlara daha ixtisaslı müayinə və müalicələr aparılması üçün Milli Onkologiya Mərkəzinə göndəriş verilmişdir.
Ötən dövr ərzində stasionar müalicəyə 924 xəstə daxil olmuş, həmin müddətdə 242 müxtəlif cərrahi əməliyyat həyata keçirilmişdir ki, bunlardan 95-i təcili və təxirəsalınmaz əməliyyatlar olmuşdur. 2014-cü ilin 6 ayı ərzində 2570 təcili yardım çağırışı olmuşdur ki, bu çağırışlar zamanı 2587 nəfərə xidmət göstərilmişdir.
Neftçala Mərkəzi Rayon Xəstəxanasının 2013-cü ilin avqust ayından başlayan əsaslı təmiri hesabat dövründə də davam etdirilmişdir. Belə ki, ötən müddət ərzində poliklinika, doğum, yoluxucu xəstəliklər, uşaq, terapiya korpuslarında dam örtükləri əsaslı təmir olunmuş, həmin korpusların xarici və daxili divarlarında suvaq işləri başa çatdırılmış, istilik, su-kanalizasiya xətlərinin çəkilişinə başlanılmışdır. 
Neftçala rayon Mədəniyyət və Turizm şöbəsi öz işini əhaliyə mədəni-xidmətin keyfiyyətli təşkili əsasında qurmağa çalışaraq bu sahədə bir sıra işlər həyata keçirmişdir. Hesabat dövrü  ərzində tarixi hadisələr, bayramlar və yubileylərlə bağlı geniş və maraqlı mədəni-kütləvi tədbirlər, ədəbi-bədii gecələr, görüşlər, kitab sərgiləri, oxucu konfransları və konsertlər təşkil olunmuşdur. Keçən dövr ərzində diqqəti cəlb edən  böyük miqyaslı tədbirlər – 20 Yanvar münasibəti ilə anım mərasimi keçirilmiş, Şəhidlər məzarlığı ziyarət edilmişdir. 26 Fevral Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Xocalı abidəsi önünə tər çiçək dəstələri qoyulmuş, abidə önündə məktəblilər ilə birlikdə hazırlanmış ədəbi-bədii kompozisiyalara baxılmışdır. Həmçinin 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə “Xatimə” şadlıq sarayında musiqili əyləncəli tədbir, şəhərin park bulvar ərazisində “Yurdumuza bahar gəlir” mövzusunda  kütləvi  teatrlaşdırılmış ümumrayon Novruz bayramı şənliyi keçirilmiş, 31 mart Dünya Azərbaycanlılarının soyqırımı münasibəti ilə sarayın akt zalında  tədbir təşkil edilmiş, o illərə aid sənədli filmə və fotosərgiyə baxış keçirilmişdir.
  Rayonun Hüseyn Cavid adına Mədəniyyət və İstirahət Parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr edilmiş geniş və maraqlı konsert proqramı hazırlanaraq rayon sakinlərinə nümayiş etdirilmişdir.
Həmçinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Neftçala Rayon Dövlət Rəsm Qalereyasında həvəskar rəssamların təsviri sənət əsərlərindən ibarət sərgi təşkil edilmişdir. 
Hərbi hamilik işi də diqqət mərkəzində saxlanılmış, hərbi çağırış məntəqələrində yolasalma mərasimlərinin keçirilməsi zamanı  hərbi hissədə konsert proqramları təşkil olunmuşdur.
Hesabat dövründə  Heydər Əliyev Mərkəzinin tikintisi yekunlaşaraq istifadəyə verilmişdir. Mərkəzin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Məlumat üçün bildiririk ki, Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və eksponatlar sərgilənir. Mərkəzdə həmçinin elektron kitabxana, xalçaçılıq və toxuculuq, rəqs və xalq çalğı alətləri dərnəkləri fəaliyyət göstərəcəkdir. Bu dərnəklər gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar yaradacaqdır.
Hesabat dövründə Mərkəzi Kitabxana Sistemi də ötən müddət ərzində xeyli maraqlı müxtəlif mövzularda tədbirlər həyata keçirmişdir. Mərkəzi Kitabxana Sistemi 2014-cü ilin II rübündə Ulu öndər H.Əliyev irsinin öyrənilməsi və anadan olmasının 91 illiyi ilə əlaqədar VI Ümumrespublika Kitab bayramı keçirmiş, "Milli müdrikliyin Heydər Əliyev zirvəsi", "Heydər Əliyev ideyaları ölməzdir", "Xalq üçün döyünən ürək" və sair mövzularda oxucularla söhbətlər aparmış, informasiya məlumat günləri keçirmiş, sərgilər hazırlamışdır.
   Hesabat dövrü ərzində Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonda gənclərlə işin təşkili sahəsində, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.
Hesabat  ərzində əlamətdar günlər münasibətilə  inşa yazı və rəsm müsabiqələri, müxtəlif aktual mövzularda dəyirmi masalar,  sosioloji rəy sorğuları,  bilik yarışları və viktorinalar keçirilmiş, həmçinin gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq məqsədilə bir sıra silsilə tədbirlər təşkil edilmişdir.
Ümummilli lider H.Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar rayon gənclərinin iştirakı ilə "Ümummilli Liderimiz Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğ edilməsi" mövzusunda  dəyirmi masa keçirilmişdir. Həmçinin Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə rayon birinciliyi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, mövcud olan idman obyektlərindən səmərəli istifadə edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti və Gənclər İdman İdarəsi tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət xüsusi işçi qrupu yaradılmışdır. Hesabat dövründə Rayon Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif yaşlı uşaq, yeniyetmə və gənclər arasında onların maraqları, fiziki göstəriciləri nəzərə alınmaqla təhsil müəssisələrinin müəllimlərindən ibarət məşqçi-müəllim qrupları yaradılmış, idmanın müxtəlif növləri üzrə rayon idman birlikləri təsis edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatı 2014-cü ilin altı ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. Hərbi xidmətə çağırışla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışla bağlı sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən 2014-cü ilin altı ayında 148 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur. Hərbi çağırışçılar arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və onların çağırışdan yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında təbliğat və maarifləndirmə işləri aparılmışdır.
2014-cü ilin 6 ayı ərzində rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 48 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 100 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı 2013-cü ilin 6 ayına nisbətdə 2014-cü ilin  birinci yarısında 2 cinayət faktı az olmuşdur.
2014-cü ilin birinci yarısında Rayon İcra Hakimiyyəti başçısı aparatı ərazidə nizam-intizamı, qayda-qanunu möhkəmləndirmək, kadrların tapşırılmış iş üçün məsuliyyət hissini artırmaq məqsədilə  yerli icra orqanları ilə öz işini əlaqədə qurmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müntəzəm səyyarı görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur. Bununla bağlı Rayon İcra Hakimiyyəti başçısının səyyar görüş və qəbulların keçirilməsi üçün illik qrafik tərtib olunmuşdur.
2014-cü ilin I yarısında   İcra hakimiyyəti başçısı tərəfindən qrafikdə nəzərdə tutulan 24  səyyar görüş və qəbuldan 23-ü keçirilmiş və bu görüşlərdə 2475 nəfər iştirak etmişdir. Keçirilən  görüşlərdə 122 nəfər  78 tənqidi qeyd və təkliflə çıxışlar etmişdir ki, bunlardan 13-ü meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, 14-ü yol və körpülərin inşası və ya təmiri, 1-i tibb müəssisələrinin təmiri və inşası, 3-ü təhsil müəssisələrinin təmiri və ya inşası, 12-si elektrik təsərrüfatının yenidən qurulması, 12-si mavi yanacaq ilə təminat, 9-u içməli su ilə təminat, 1-i kanalizasiya sisteminin yaradılması və yenidən qurulması, 3-ü abadlıq və quruculuq işlərinin aparılması və 10-u digər məsələlərdən ibarət olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, həlli istiqamətində aidiyyatı üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər  qaldırılmış və həlli yerlərdə mümkün olan problemlərin  aradan qaldırılmasından ötrü tədbirlər həyata keçirilmişdir
  Rayon İcra Hakimiyyəti  vətəndaşların qəbulu və müraciətləri ilə bağlı müəyyən tədbirlər həyata keçirmişdir
2014-cü ilin birinci yarısında Rayon İcra Hakimiyyəti başçısı aparatına  ümumilikdə   464 ərizə, şikayət və təklif daxil olmuşdur.  O cümlədən Prezident Administrasiyasından 109, Milli Məclisdən 5, Mərkəzi Orqanlardan  33  ərizə daxil olmuşdur. 317 ərizə bilavasitə vətəndaşlar tərəfindən  Rayon İcra Hakimiyyətinə  ünvanlanmışdır.
Müraciətlər mövzular üzrə araşdırılarkən mənzil məsələləri üzrə 31, torpaq məsələləri üzrə 65, tikinti məsələləri üzrə 31, əmək məsələləri üzrə 10, təbii, texnogen hadisələr üzrə 11, digər məsələlər üzrə 80, enerji, qaz və su təchizatı  üzrə 16, kənd təsərrüfatı məsələləri üzrə 16, bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 6, birdəfəlik maddi yardım və məişət problemi 29, qəbul haqqında  9, minnətdarlıq barədə 8, əhalinin sosial müdafiəsi məsələlərlə bağlı 8, kommunal məsələlərlə bağlı 12,  tikinti materialları ilə köməklik olunması barədə 105, dövlət sosial məsələləri ilə bağlı 4, sahibkarlığın inkişafı və iqtisadi məsələlərlə bağlı 10, təhsil, səhiyyə, mədəniyyət məsələləri 13 müraciət təşkil etmişdir. 
  Hesabat dövründə Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlər 2013-ci ilin birinci yarısı ilə müqayisədə 32 müraciət  çox olmuşdur. Artan müraciətlər tikinti materialı ilə köməklik olunması barədə olmuşdur.
  2014-cü ilin birinci yarısında Azərbaycan Respublikası Prezidenti Administrasiyasından 109 müraciət, o cümlədən 5 müraciət nəzarət qaydasında daxil olmuşdur.
  Ümumilikdə ilin birinci yarısında ərizə, şikayət və təkliflərdən 28 müraciət kollektiv, 2 müraciət təkrar xarakterli olmuşdur. Kollektiv müraciətlərdən 18 ərizə bilavasitə vətəndaşlardan, 5 ərizə Mərkəzi Orqanlardan,  5 ərizə Prezidenti Administrasiyasından daxil olmuşdur. Daxil olmuş kollektiv müraciətlərdən 5 müraciət torpaq, 2 müraciət tikinti, 1 müraciət tikinti, 1 müraciət nəqliyyət, 1 müraciət kənd təsərrüfatı, 11 müraciət kommunal, 1 müraciət bələdiyyənin fəaliyyəti, 4 müraciət təhsil, mədəniyyət məsələsi , 1 müraciət minnətdarlıq, 1 müraciət qəbulla bağlı olmuşdur.
  Təkrar müraciətlərdən 5 ərizə Mərkəzi Orqanlardan, 8 ərizə Prezidenti Administrasiyasından, 1 ərizə isə birbaşa vətəndaşlardan daxil olmuşdur. Müraciətlərdən 6 müraciət tikinti, 2 müraciət mənzil və evin qəzalı olması, 1 müraciət birdəfəlik maddi yardım, 5 müraciət digər  məsələlər barədə olmuşdur.
  2014-cü ilin birinci yarısında ümumilikdə vətəndaşlar tərəfindən daxil olan müraciətlərdən  42 müraciət şikayət xarakterli olmuşdur. Bu müraciətlərdən 9-u mərkəzi orqanlardan, 21-i Prezident Administrasiyasından, 12-i isə bilavasitə vətəndaşlar tərəfindən Rayon İcra Hakimiyyətinə ünvanlanmışdır. Daxil olan şikayət məktubları bələdiyyələrin fəaliyyəti, kənd təsərrüfatı və torpaq məsələsi, tikinti məsələsi, kommunal və digər məsələlər barədə olmuşdur.
  2013-cü ilin birinci yarısında İcra Hakimiyyəti başçısı tərəfindən 162 vətəndaş qəbul edilmişdir. O cümlədən  İcra Hakimiyyəti başçısı aparatında 39 nəfər, səyyarı qəbullarda 123   nəfər vətəndaş qəbul edilmişdir.
       Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul olunmuş vətəndaşların müraciətləri  mövzular üzrə araşdırılarkən  4 müraciət mənzil ilə təmin olunma, 10 müraciət  işlə təmin olunma, 9  müraciət torpaq məsələləri, 2 müraciət kommunal məsələləri, 4 müraciət evinin qəzalı olması, 7 müraciət tikinti məsələləri,1 müraciət ünvanlı sosial yardım,  2 müraciət digər məsələlər barədə   olmuşdur.
         Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub öz fəaliyyətini   daha da genişləndirəcək, bütün sahələrdə inkişafa və tərəqqiyə nail olmaq üçün lazımi tədbirlər görəcəkdir.

Keçidlər