Tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzinə çevrilmişdir
Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev iyulun 5-də Neftçala Rayon İcra Hakimiyyətində rayonun ziyalıları və dindarlarla görüşmüşdür.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Görüşdə Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılmışdır.
Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, ölkəmizdə dövlət-din münasibətləri, tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələrdən danışmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin nümayəndələri, müxtəlif etnik qruplar və xalqlar birgə, qardaşlıq və dostluq mühitində yaşamışlar. Multikulturalizm, tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyev tərəfindən bizə miras qalmış Azərbaycançılıq, tolerantlıq, milli və etnik prinsiplər bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Görüş başa çatdıqdan sonra Dövlət müşaviri Kamal Abdulla Neftçala şəhərindəki İmam Sahibəz Zaman məscidində dindarlarla görüşüb söhbət etmişdir.
Çıxış edənlər Azərbaycanda mövcud olan tolerantlığın, qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan dinlərarası və millətlərarası münasibətlərin dünyaya nümunə olduğunu vurğulayaraq, etnik qruplar və dini icmalar üçün yaradılan bərabər imkanlara görə dövlətimizin başçısına minnətdarlıq etmişlər.
Bildirilmişdir ki, hazırda royunda 45 məscid, 1 kilsə var. 20 dini icma dövlət qeydiyyatından keçmiş, bir yevangelist icma fəaliyyət göstərir. Dindarlar bunları milli-mənəvi və dini dəyərlərə dövlət qayğısının təzahürü kimi dəyərləndirmişlər.