Neftçala rayonunda şair Soltan Abbas doğum günü ilə əlaqədar olaraq ziyarət olunub
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov şair Soltan Abbası 89 yaşının tamam olması ilə əlaqədar olaraq ziyarət edib.
Məlumat üçün bildiririk ki, şair Abbasov Soltan İsrafil oğlu 7 yanvar 1933-cü ildə Neftçala rayonunun Ballıcalı kəndində anadan olub. 1951- 1953-cü illərdə əmək fəaliyyətinə kənd kitabxanasının müdiri kimi başlayıb və 1953-1955-ci illərdə Boyat kənd İnzibati Ərazi üzrə nümayəndə və Xıllı rayonu mədəniyyət şöbəsinin inspektoru işləyib.
1957-1960-cı illərdə Neftçala rayonunun Xıllı qəsəbə orta məktəbində, 1960-1973-cü illərdə isə Salyan rayonunun Boyat kənd 8 illik məktəbində müəllimlik edib, 1973-1974-cü illərdə "Qələbə" Salyan rayon qəzeti redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri, 1991-2006-cı illərdə Boyat kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsi vəzifələrində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Soltan Abbas 1960-cı illərdən yaradıcılığa başlayıb. "Damcı", "Mənə çox öyrəşmə", “Tut ağacı”, “Yollar- ömür yolum”, “Həqiqətin ağzı daş saxlamaz”, “Rübailər”, “Qəzəllər” və digər əsərlərin müəllifir.
Şair Soltan Abbas 1980-ci ildə “Azərbaycan SSR Xalq Maarifi əlaçısı” nişanına, 1958-ci ildə Azərbaycan Komsomolu, 1985-ci ildə SSRİ Maarif Nazirliyinin, Fəxri Fərmanlarına, 1987-ci ildə Ali Məktəb Həmkarlar Mərkəzi Şurasının tərifnaməsinə, 1994-cü ildə isə “Məmməd Araz” ali ədəbi mükafatına layiq görülüb.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından uzun ömür və can sağlığı arzulayırıq.