Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev rayon ictimaiyyətinin nümayəndələri ilə yığıncaq keçirdi

06 iyun 2014 | 15:00

04 iyun 2014-cü il tarixdə Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin adını daşıyan yeni istifadəyə verilmiş Mərkəzdə, Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab İ.M. Vəliyev rayon ictimaiyyətinin nümayəndələri ilə yığıncaq keçirmişdir.
İclasa başlamazdan əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 may 2014-cü il tarixdə Neftçala rayonuna etdiyi tarixi səfərindən hazırlanmış süjet yığıncaq iştirakçılarına nümayiş etdirilir.
Cənab İ.M. Vəliyev iclas iştirakçılarını salamladıqdan sonra 28 may 2014-cü il tarixdə ölkə başçısı cənab İlham Əliyevin Neftçala rayonuna baş tutmuş tarixi səfəri ilə bağlı hamını təbrik etdi və Ulu Öndər Heydər Əliyevin adını daşıyan bu möhtəşəm binaya ilk dəfə toplaşmağın əsas məqsədi cənab Prezidentin rayonumuza səfərinin yekunları ilə bağlı olduğunu ictimaiyyət nümayəndələrinin diqqətinə çatdırdı.
Cənab İ.M. Vəliyev rayonda həyata keçirilən tikinti, quruculuq işləri barəsində və Respublika Prezidenti cənab İlham Əliyevin Neftçala rayonuna etdiyi səfəri ilə bağlı geniş məlumat verdi.

Hörmətli yığıncaq iştirakçıları !
Çıxışıma başlamazdan əvvəl 35 il öncə 30 may 1979-cu ildə Ümummilli lider Heydər Əliyevin Neftçala rayonuna etdiyi tarixi səfəri zamanı partiya və təsərrüfat fəalları ilə keçirdiyi görüşündə səsləndirdiyi fikirləri diqqətinizə çatdırmaq istərdim. “Sizin rayon çox irəli gedib, orta səviyyəli rayonlar sırasından qabaqcıllar sırasına çıxıb. Neftçala rayonunda işgüzar şərait, sağlam mənəvi-siyasi əhval-ruhiyyə yaranmışdır.”  Bu tarixi gündən 40 ilə yaxın vaxt keçməsinə baxmayaraq həmin anlar neftçalalıların yaddaşında dərin iz buraxmış və indi də xoş təəssürat kimi dönə-dönə xatırlanır.
Doğrudan da Neftçala müstəqil rayon kimi yarandığı dövrdən sonra qısa müddət ərzində böyük inkişaf yolu keçmiş, iqtisadi, aqrar, sosial sahələrdə və ictimai həyatın digər sferalarında tərəqqiyə nail olmuş, əldə etdiyi nailiyyətlərlə respublikanın qabaqcıl rayonlarından birinə çevrilmiş və bu tərəqqi o vaxtlar ölkəmizə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev tərəfindən layiqincə qiymətləndirilmişdir.
Keçmiş SSRİ-nin süqutundan sonra iqtisadi böhran məngənəsində boğulan, müstəqillik yollarında ilk addımlarını atan respublikamızda baş verən siyasi proseslər, heç bir səriştəsi olmayan şəxslərin hakimiyyətə gəlişi, ölkədəki xaos, iqtisadi geriləmələr və təsərrüfat sahələrinin tənəzzülü çox təəssüflər olsun ki, rayonumuzdan da yan keçmədi. Lakin xalqımızın dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün bunlara son qoyuldu və hər yerdə, o cümlədən doğma Neftçalamızda da böyük quruculuq işlərinə başlanıldı.
  Ulu öndərimiz Heydər Əliyevin birbaşa adı ilə bağlı olan əfsanəvi layihələr bu gün artıq reallıqdır. Ölkəmiz tərəqqi və inkişaf yolundadır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu ləyaqətlə davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin tərəqqisinə, xalqın rifahına xidmət edən bir çox nəhəng layihələr də uğurla həyata keçirilməkdədir.
Dövlətimizin iqtisadi qüdrətinin artmasının və ölkə başçısı cənab İlham Əliyevin regionların inkişafına olan diqqət və qayğısının nəticəsidir ki, respublikanın bütün bölgələri kimi rayonumuz da günü-gündən inkişaf edir, abadlaşır və müasir diyarlarından birinə çevrilir. Son illərdə rayonda xeyli tikinti-inşaat və abadlıq işləri görülmüş, yeni-yeni istehsal, kommersiya və xidmət obyektləri tikilib istifadəyə verilmiş, yüzlərlə daimi iş yerləri açılmış, küçələrdə, park və meydanlarda yenidənqurma və yaşıllaşdırma işləri aparılmış, bir çox təhsil müəssisələri tikilmiş və əsaslı şəkildə təmir edilmiş, Qarabağ əlilləri və şəhid ailələri üçün çoxmərtəbəli yaşayış evləri inşa edilmiş, bir neçə özəl banklar istifadəyə verilmiş, rayonun iri sənaye müəssisələrindən olan “Azər-Yod” MMC və “Xıllı Nərə Balıqartırma ” zavodu fəaliyyətə başlamışdır. Çox sevindirici haldır ki, həmin obyektlərin bəzilərinin açılışında məhz cənab İlham Əliyev Neftçalaya etdiyi tarixi səfərləri zamanı iştirak etmiş, rayonumuzda aparılan quruculuq işləri ilə yaxından tanış olmuş, rayonun inkişafındakı müsbət dəyişikliklərdən razı qalmışdır.
“Neftçala magistral yollardan kənarda yerləşir. Amma bu o demək deyil ki, buraya diqqət az olmalıdır, əksinə buraya diqqət daha çox olmalıdır. Burada gedən proseslərə daha böyük dəstək verilməlidir.” Həmin səfər çərçivəsində Cənab Prezidentin rayon əhalisi qarşısında çıxışı zamanı səsləndirdiyi bu fikirlər artıq gerçəkliyə çevrilməkdədir. Ölkə başçısının həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin və  rayonumuza göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, Neftçala gündən-günə abadlaşır, gözəlləşir və dinamik inkişaf edir. Hər bir neftçalalı bu tərəqqinin şahididir. Əhali bu inkişafı öz gündəlik həyatında hiss edir, insanların xoşbəxt sabahlarına olan ümidlərini daha da artırır və ölkə rəhbərinə böyük minnətdarlıqlarını bildirirlər. Son Prezident seçkiləri zamanı rayon seçicilərinin mütləq əksəriyyəti tərəfindən dövlət başçısına göstərilən böyük etimad bunu bir daha sübuta yetirdi.
 
Hörmətli yığıncaq iştirakçıları !
Son üç ildə rayonumuz yeni intibah dövrünə qədəm qoymuşdur. Hər şeydən əvvəl rayonda təşkilatçılıq işləri gücləndirilmiş, ayrı-ayrı kollektivlər səfərbər olunmuş, burada əsl işgüzar şərait yaradılmışdır. Rayon ərazisində genişmiqyaslı təmizlik işlərinə başlanılmış, xəstəlik mənbələri olan çirkab yerlər təmizlənərək qurudulmuş, şəhərdəki yaşayış binalarının ətrafında və məhəllələrdə abadlıq işləri həyata keçirilmiş, əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması sahəsində bir çox tədbirlər görülmüş, şəhərin ekoloji  həyatına mənfi təsir göstərən, uzun illərdən bəri vacib həllini gözləyən “Axmaz” gölün təmizlənməsi istiqamətində mühüm addımlar atılmışdır.    
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi sahəsində Neftçala rayonunda bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmiş, ötən ildən başlayaraq rayonda abadlıq, quruculuq işləri daha geniş vüsət almış, bir çox sosial yönümlü obyektlər inşa olunmuş və əsaslı təmir  edilmiş, yeni parklar, geniş yaşıllıqlar salınmış, xeyli sayda ağac və gül kolları əkilmiş, küçə və parklarda müasir işıqlandırma sistemləri quraşdırılmış, yaşayış və inzibati binaların fasad hissələri müasir üslubda işlənilmiş və dam örtükləri dəyişdirilmiş, həyata keçirilən işlərin miqyası getdikcə genişləndirilmişdir.  Şəhərin mərkəzi hissəsindən keçən Heydər Əliyev prospekti yenidən qurulmuş, şəhərimizə xüsusi gözəllik verən Heydər Əliyev Mərkəzi və Rayon İcra Hakimiyyətinin inzibati binası inşa edilmiş, onların ətrafında parklar salınmış, fəvvarələr quraşdırılmışdır. Kür çayı sahilində möhtəşəm Bayraq Meydanı tikilmiş və Bulvar Kompleksi rayon sakinlərinin istifadəsinə verilmişdir. Qısa vaxt ərzində böyük zövq və keyfiyyətlə salınmış park və xiyabanlar hər gün yüzlərlə, minlərlə insanın istirahət mərkəzinə çevrilmişdir. Hal-hazırda isə bu işlərin davamı olaraq rayon mərkəzində Olimpiya İdman Kompleksinin inşası, Mərkəzi Xəstəxananın əsaslı təmiri, yeni təhsil müəssisələrinin tikintisi və digər abadlıq işləri sürətlə davam etdirilir.
Respublika Prezidenti cənab İlham Əliyevin rayonumuzun sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə sərəncam imzalamışdır ki, onlar da uğurla icra edilmişdir. Qeyd etmək istəyirəm ki, rayonun 11 yaşayış məntəqəsini birləşdirən Şorsulu-Xolqarabucaq-Xəzər avtomobil yolunun yenidən qurulması ilə bağlı ölkə başçısının verdiyi sərəncama uyğun olaraq yeni çəkilmiş asfalt yol Xol zonasına gediş-gəlişi xeyli asanlaşdırmış və bu rayon əhalisi tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanmışdır. 
  Neftçala şəhərinin və ətraf ərazilərin, bütövlükdə rayonumuzun gündən-günə dəyişərək müasirləşdiyini görən hər kəs ürəkdən sevinir. Çünki bu yaxınlaradək rayon əhalisinin təsəvvürlərində canlandırdıqları layihələr, arzuladıqları və həyata keçirilməsini istədikləri böyük quruculuq işləri rayonumuzda artıq reallığa çevrilmişdir. 
Məhz bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısının nəticəsidir. Cənab Prezidentimiz qeyd etdiyi kimi “Ölkəmizin inkişafı hər bir rayonun inkişafından asılıdır. Əgər hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaqdır.” Dövlət başçısının regionlara səfəri zamanı bölgələrin vəziyyəti ilə yaxından tanış olması və aparılan işlərə şəxsən nəzarət etməsi ölkə vətəndaşlarına olan diqqətin bariz nümunəsidir. Bu səbəblərdəndir ki, 28 may 2014-cü il tarixdə ölkə rəhbəri cənab İlham Əliyevin rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işləri ilə tanış olması üçün Neftçalaya növbəti səfəri baş tutdu. Möhtərəm Prezidentimizin 28 May Respublika günü Neftçala torpağına gəlişi rayon sakinləri üçün ikiqat bayrama çevrilmiş, bu tarixi səfər  rayonumuzun ictimai-siyasi həyatında mühüm əlamətdar gün kimi yadda qalmış  və insanlarda unudulmaz xoş təəssüratlar yaratmışdır.
Ali qonaq rayonumuza səfərini şəhərin mərkəzində ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməklə başlamış,  dövlət müstəqilliyimizin möhkəmlənməsində əvəzsiz xidmətləri olan Ulu öndərin adını daşıyan Heydər Əliyev  Mərkəzinin açılışında iştirak etmiş, Mərkəzdə və onun ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.
Ölkədə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi sahəsində aparılan siyasətin nəticəsi olaraq şəhərimizin görkəminə xüsusi gözəllik verən Rayon İcra Hakimiyyəti üçün inşa edilmiş yeni inzibati binanın da açılışı olmuş, binada yaradılan iş şəraiti barəsində ölkə başçısına məlumat verilmişdir.
Bundan əlavə cənab Prezident Kür çayı sahilində salınmış hər birimizin qürur mənbəyi olan Dövlət Bayrağı Meydanında olmuş, sonra isə Bulvar Kompleksində əhalinin istirahəti üçün yaradılan şəraitlə tanış olmuş, öz dəyərli tövsiyə və tapşırıqlarını vermişdir.
Cənab Prezidentin Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin  nümayəndələri ilə apardığı söhbət zamanı rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işlərindən razı qaldığını bildirmiş, bütün bunlara baxmayaraq, Neftçalanın mövcud problemlərindən xəbərdar olduğunu qeyd etmiş və onların həlli ilə bağlı lazımi tədbirlər görüləcəyini diqqətə çatdırmışdır. Salyan-Neftçala magistral yolunun əsaslı şəkildə təmir olunacağı, 37 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin aparılacağı, rayonun, o cümlədən  şəhərin su təchizatının yaxşılaşdırılacağı, kanalizasiya şəbəkəsinin yenidən qurulacağı, rayonun 100 faiz qazlaşdırılacağı, yeni iş yerlərinin və sənaye zonalarının yaradılacağı barədə dövlətimizin başçısı ətraflı söhbətlər aparmışdır.
Rayon ictimaiyyəti adından ölkə başçısını salamlayan və aparılan geniş quruculuq işlərinə görə minnətdarlığını bildirən rayon sakini Ruhəngiz Nəcəfova çıxışı zamanı Uşaq İncəsənət Məktəbinin yenidən qurulması üçün müvafiq köməklik göstərilməsini cənab İlham Əliyevdən xahiş etmiş, Cənab Prezident məktəbdə əsaslı təmir işlərinin aparılacağını və bütövlükdə Neftçala rayonunun hərtərəfli inkişafı üçün əlavə tədbirlərin həyata keçiriləcəyini bildirmişdir.
Rayonumuza səfərindən sonra ölkə başçısının Neftçala rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə və 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinə dair imzaladığı sərəncamları rayon sakinləri tərəfindən böyük minnətdarlıq hissləri ilə qarşılandı. Qeyd etmək istəyirəm ki, artıq bu istiqamətlərdə hazırlıq işləri sürətlə davam etdirilir və tam əminliklə bildirirəm ki, Prezident İlham Əliyevin böyük qayğısı sayəsində rayonumuzda başlanılmış nəhəng quruculuq işlərinin durmadan artmasının şahidi olacağıq. Çünki dövlət başçısının rayonumuza tarixi səfəri bizi növbəti uğurlara ruhlandırır və daha xoşbəxt gələcəyə olan  inamlarımızı qat-qat artırır.
Qazanılmış bu nailiyyətlərə, rayonumuza göstərdiyi yüksək diqqət və qayğıya görə rayon ictimaiyyəti adından möhtərəm Prezidentimizə dərin təşəkkürümüzü bildirir və qarşıya qoyulmuş bütün vəzifələrin öhdəsindən layiqincə gələcəyimizi ölkə başçısını əmin edirəm. Bu yolda hamınıza uğurlar arzulayıram!
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri, cənab İlham Əliyevə rayon ictimaiyyətinin nümayəndələri adından müraciət qəbul olundu.

Keçidlər