Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Vətən müharibəsi şəhidlərinin il dönümü qeyd olunub

22 noyabr 2021 | 03:11

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Neftçala rayonu Şorkənd kənd sakini Cəfərov Cəlil Sulduz oğlunun, Neftçala şəhər sakini Dadaşov Elvin İmanqulu oğlunun və Neftçala rayonu Həsənəbad qəsəbə sakini Nəcəfov Elmin Saleh oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.
Şəhidlərin il dönümündə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.
Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
Şəhid Cəfərov Cəlil Sulduz oğlu 8 avqust 1998-ci il Neftçala rayonu Şorkənd kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 19-da Neftçala rayonu Şorkənd kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı və "Laçının azad olunmasına görə" medalları ilə Cəlil Cəfərov ölümündən sonra təltif edilib.
Şəhid Dadaşov Elvin İmanqulu oğlu 14 avqust 1993-cü il Neftçala şəhərində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 19-da Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalları ilə Elvin Dadaşov ölümündən sonra təltif edilib.
Şəhid Nəcəfov Elmin Saleh oğlu 30 yanvar 1999-cu il Neftçala rayonu Həsənabad qəsəbəsində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 21-də Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı və "Cəsur döyüşçü" medalları  ilə Elmin Nəcəfov ölümündən sonra təltif edilib.
27 sentyabr Anım günü ilə əlaqədar olaraq təşkil olunan yürüş zamanı 44 günlük Vətən müharibəsində şəhid olan hərbiçi və sivil vətəndaşların fotolarından ibarət plakatlar  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yürüşdən sonra şəhid fotoları ilə olan plakatlar yürüşdən xatirə olaraq şəhidlərimizin ailələrinə təqdim olunur. Şəhid Cəlil Cəfərovun, Elvin Dadaşovun və Elmin Nəcəfovun il dönümü ilə əlaqədar təşkil olunan tədbirdə yürüşə çıxarılan foto plakat və Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan “Dəmir Yumruq” xatirə hədiyyəsi şəhidlərin ailəsinə Neftçala RİH başçısı tərəfindən təqdim olunub.

 

Keçidlər