8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümünə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Neftçala rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə uşaq və yeniyetmələr arasında keçirilən şahmat turniri başa çatıb.
İlk öncə xalqımızın Ümumilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Turnirin bağlanış mərasimində Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Səidə Rzayeva, Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Aqşin Hüseynli, müəllim-məşqçi heyəti, iştirakçılar və valideynlər iştirak ediblər.
Çıxış edənlər vurğulayıblar ki, 8 Noyabr – Zəfər Günü xalqımızın birliyinin, qəhrəmanlığının və dövlətimizin qüdrətinin təntənəsidir. Bu cür tədbirlər gənclərin sağlam həyat tərzinə, intellektual inkişafına və vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verir.
Qeyd edək ki, yarışda müxtəlif yaş qrupları (6, 8, 10, 12 yaş) üzrə 84 nəfər şahmatçı mübarizə aparıb. Nəticələrə əsasən 30 nəfər I, II, III yer üzrə qaliblər müəyyən olunub və onlar müvafiq diplom və fəxri fərmanla mükafatlandırılıblar.
Sonda təşkilatçılar qalibləri və bütün iştirakçıları təbrik edərək, gələcək yarışlarda daha böyük uğurlar arzulayıblar.







