Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə hüquqşünaslar və hüquq mühafizə orqanlarının əməkdaşları ilə dəyirmi masa keçirilib

06 noyabr 2025 | 20:06

06 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə  “44 Günlük Vətən müharibəsi və Zəfər tariximiz” adlı dəyirmi masa keçirilib.

Tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları, hüquqşünaslar, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, sağlamlıq imkanları məhdud əlil hərbi qulluqçular iştirak edib.

İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər - Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nəsib Abbasov, Neftçala Rayon Məhkəməsinin hakim köməkçisi Ziya Yusifzadə, Neftçala Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi Valeh Hətəmov, Vətən müharibəsi şəhidi Şahlar Məmmədovun anası Əzizə Məmmədova, lokal xarakterli antiterror əməliyyatlarında şəhid olmuş Xəzər Cəfərovun həyat yoldaşı Bülül Cəfərova və Vətən müharibəsi əlili, baş leytenant Yusif Abdullayev bu əlamətdar günün tarixi və mənəvi əhəmiyyətindən danışıblar.Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycan xalqının birliyinin, vətənpərvərliyinin və dövlətçiliyə sədaqətinin parlaq təcəssümüdür. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edərək, dövlətin və ordunun gücünün məhz xalq birliyindən qaynaqlandığını vurğulayıblar.

Bildirilib ki, 8 Noyabr – Zəfər Günü təkcə hərbi qələbənin deyil, həm də Azərbaycan dövlətçiliyinin, milli həmrəyliyin və ədalətin təntənəsidir. Bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları da ölkənin təhlükəsizliyinin, sabitliyin və qanunçuluğun qorunmasında fədakar fəaliyyətləri ilə həmin ruhu yaşadırlar. “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən bu görüş hüquqşünaslar arasında vətənpərvərlik duyğularının gücləndirilməsi, Zəfər tariximizin gənc nəsillərə düzgün təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

 Tədbir zamanı müstəqil Azərbaycanın hüquqi əsasını təşkil edən Konstitusiyamızın, suverenliyimizin və Şanlı Zəfərimizin tariximizin əhəmiyyətindən bəhs edilib, 5 il ərzində Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və Vətən Müharibəsi iştirakçılarına göstərilən qayğı və bu sahədə olan statistik göstəricilər barədə təqdimat keçirilib və müzəffər ordumuzun qəhrəmanlıq yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Keçidlər