8 Noyabr– “Zəfər Günü”nün 5-ci ildönümü ilə bağlı “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı vətənpərvərlik mövzusunda maarifləndirici görüş keçirilib
24 oktyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbində şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçıları ilə yeniyetmə və gənclər arasında “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı vətənpərvərlik mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin məsul şəxsləri, şəhid ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, yeniyetmə və gənclər və təhsil ictimaiyyəti nümayəndələri iştirak edib.
İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər - Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov, Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Firdovsi Tağıyev, Vətən müharibəsi şəhidləri Xalid Orucovun və Vasif Mehbalıyevin valideynləri Saleh Orucov və Gülhəsən Mehbalıyev, Vətən müharibəsi qazisi Əliabbas Ələmov Şanlı Zəfər günü münasibətilə görüş iştirakçılarına öz təbriklərini çatdırıblar və Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, qəhrəman Ordumuzun göstərdiyi rəşadətdən və bu Qələbənin xalqımızın birliyinin, gücünün və iradəsinin nəticəsi olmasından bəhs ediblər. Qeyd olunub ki, 8 Noyabr – Zəfər Günü təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürur günüdür.
Çıxışlarda həmçinin vurğulanıb ki, şəhidlərin müqəddəs xatirəsinin əziz tutulması, qazilərimizə diqqət və qayğının göstərilməsi hər birimizin mənəvi borcudur. Gənc nəsil üçün bu qəhrəmanların həyat yolu ən böyük vətənpərvərlik dərsidir. Zəfər Günü xalqımız üçün əbədi qürur simvoludur.
Tədbir sonda şagirdlərin ifasında səslənən vətənpərvərlik ruhlu şeirlərlə davam edib.







