Neftçala rayonunda Vətən müharibəsi şəhidlərinin il dönümü qeyd olunub
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Neftçala rayon Aşağı Surra kənd sakini Mehbalıyev Vasif Gülhəsən oğlunun və Neftçala rayonu Bankə qəsəbə sakini Zeynalov Məhəmməd Bəxtiyar oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.
Şəhidlərin il dönümündə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.
Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
Şəhid Mehbalıyev Vasif Gülhəsən oğlu 26 mart 1994-cü il Neftçala rayonu Aşağı Surra kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 16-da Neftçala rayon Aşağı Surra kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə Vasif Mehbalıyev ölümündən sonra təltif edilib.
Şəhid Zeynalov Məhəmməd Bəxtiyar oğlu 23 fevral 1997-ci il Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 16-da Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə Məhəmməd Zeynalov ölümündən sonra təltif edilib.
27 sentyabr Anım günü ilə əlaqədar olaraq təşkil olunan yürüş zamanı 44 günlük Vətən müharibəsində şəhid olan hərbiçi və sivil vətəndaşların fotolarından ibarət plakatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yürüşdən sonra şəhid fotoları ilə olan plakatlar yürüşdən xatirə olaraq şəhidlərimizin ailələrinə təqdim olunur. Şəhid Vasif Mehbalıyevin və şəhid Məhəmməd Zeynalovun il dönümü ilə əlaqədar təşkil olunan tədbirdə yürüşə çıxarılan foto plakat və Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan “Dəmir Yumruq” xatirə hədiyyəsi şəhidlərin ailəsinə Neftçala RİH başçısı tərəfindən təqdim olunub.