Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda şəhid Milli Qəhrəman Samid İmanov adına məktəbdə büstünün açılışı olub

15 oktyabr 2021 | 03:10

2016-cı ilin Aprel döyüşlərində şəhid olan Milli Qəhrəman mayor Samid İmanovun 40-cı doğum günündə şəhidin adına olan Neftçala şəhər 1 saylı tam orta məktəbdə büstünün açılışı olub.
Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və digər məsul şəxslər iştirak edib.
Şəhid Milli Qəhrəman mayor Samid İmanovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub və tər gül çiçəkləri düzülüb.
Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, Qarabağ Veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Neftçala filialının sədri Emin Əliyev və döyüş yoldaşları çıxış edib şəhid Samid İmanov haqqında xatirələrini bölüşüblər, 2016-cı ilin aprel döyüşlərindəki qəhrəmanlıqlarından, igidliyindən, şücaətindən danışılıb və ehtiramla yad olunub.
Şəhid ailələri adından çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun atası Vidadi İsmayılov Aprel döyüşlərindən və 44 günlük Vətən müharibəsindəki qələbəmizdən danışıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildirib.
Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov bildirdi ki, 2016-cı ilin Aprel döyüşləri bu günki 44 günlük Vətən müharibəsinə gedən zəfər yolunun başlanğıcı idi. Aprel döyüşləri zamanı rəşadətli ordumuz tərəfindən Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və digər kəndlər istiqamətindəki yollar düşməndən azad olunub. 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsinin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli hər zaman Prezident İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb. Neftçala rayonunda da şəhid ailələri, qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunduğunu qeyd edib.
Şəhid İmanov Samid Gülağa oğlu 14 oktyabr 1981-ci ildə Neftçala rayonu Həsənabad qəsəbəsində anadan olub. 2016-cı il aprel ayının 3-dən 4-ə keçən gecə təmas xəttində başlanan döyüşlər zamanı döyüşlərdə şücaət göstərib və qəhrəmancasına şəhid olub. Aprelin 09-da Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Mayor Samid İmanov xidməti dövründə "Hərbi xidmətdə fərqlənməyə görə" II və III dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" II və III dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qələbə günü münasibəti ilə baş tutan hərbi parada qatıldığı görə" medalı və “Qızıl Ulduz” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19.04.2016-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Samid İmanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Tədbir Milli Qəhrəman Samid İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.
Sonda Azərbaycanın Milli Qəhrəmanı mayor Samid İmanovun büstünün açılışı olub.

Keçidlər