Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Vətən müharibəsi şəhidinin il dönümü qeyd olunub

09 oktyabr 2021 | 09:10

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Neftçala rayon Beştalı kənd sakini Muradov Habil Tahir oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.
Şəhidin il dönümündə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.
Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub və tər gül çiçəkləri düzülüb.
Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Şəhid Muradov Habil Tahir oğlu 12 mart 2002-ci ildə Neftçala rayonunun Beştalı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 08-də Neftçala rayonu Beştalı kənd qəbiristanlıqlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı və "Füzulinin azad olunmasına görə" medalları ilə ölümündən sonra Habil Muradov təltif edilib.
Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan “Dəmir Yumruq” xatirə hədiyyəsi şəhid ailəsinə Neftçala RİH başçısı tərəfindən təqdim olunub.

Keçidlər