Neftçala rayonunda şəhid xatirə bulağı kompleksinin açılışı olub
44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhidlərimiz Əsədov Əsəd Cəmaləddin oğlunun və İmanzadə Ayaz Daşqın oğlunun xatirəsinə şəhid xatirə bulağı kompleksinin açılışı olub.
İlk öncə 2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Neftçala şəhər sakini İmanzadə Ayaz Daşqın oğlunun şəhadətə yüksəlmələrinin ildönümü qeyd olunub.
Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və digər məsul şəxslər iştirak edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Tədbirdə çıxış edən şəhidlərimizin əsgər yoldaşları, şəhid valideynləri şəhidlərimizin həyat yolundan, döyüş şücaətlərindən danışıb.
Şəhid Əsədov Əsəd Cəmaləddin oğlu 29 mart 1978-ci ildə Neftçala rayonun Tatarməhlə kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsinə iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 14-də Neftçala şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə Əsəd Əsədov ölümündən sonra təltif edilib.
Şəhid İmanzadə Ayaz Daşqın oğlu 1996-cı il dekabrın 3-də Neftçala şəhərində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsinə iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 02-də Neftçala şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Şuşanın azad olunmasına görə" ilə Ayaz İmanzadə ölümündən sonra təltif edilib.
Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsinin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli hər zaman Prezident İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb. Neftçala rayonunda da şəhid ailələri, qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunduğunu qeyd edib.
Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan “Dəmir Yumruq” xatirə hədiyyəsi şəhid ailələrinə Neftçala RİH başçısı tərəfindən təqdim olunub.
Tədbir Neftçala şəhəri Milli Qəhrəman Samid İmanov adına 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.