Şriftin ölçüsü :

Saytın rəngi :

“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Neftçalada seminar keçirmişdir

18 may 2014 | 15:00

17 may 2014-cü il tarixində Neftçala rayonunda Ailə, Qadın və Uşaq problemləri Komitəsinin dəstəyi ilə Məişət zorakılığı və onun nəticələri mövzusunda geniş iclas keçirilmişdir.
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda məişət zorakılığının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə həyata keçirməkdədir.
Layihənin məqsədi regionlarda qadın və uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün qadınların, uşaqların, gənclərin, müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirlərini təşkil etmək, mövcud problemləri öyrənmək və müvafiq qurumlara təklif və tövsiyələri təqdim etməkdən ibarətdir.
Neftçala rayonunda layihənin icrası məqsədilə şəhər 1 saylı tam orta məktəbin akt zalında əhalinin müxtəlif kateqoriyalarının iştirakı ilə maarifləndirmə tədbirləri keçirilmişdir.
Seminarda layihə haqqında məlumat verilmiş, layihənin eksperti Vəlihə Abdullayeva məişət zorakılığı ilə bağlı öz fikirlərini bölüşmüş, onun dörd növünü, əsas səbəb və nəticələrini qeyd etmiş və məişət zorakılığının əsas səbəbi kimi savadsızlığı vurğulamışdır. O, cəmiyyətdə belə hallarla rastlaşdığı zaman insanların biganə qaldıqlarını bildirmiş, boşanma zamanı əmlak bölgüsü, ictimai qınaq məsələsinə toxunmuş və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün insanlar arasında təhsil səviyyəsinin yüksəlməsinə ehtiyac olduğunu qeyd etmişdir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirdə çıxış edərək məişət zorakılığının hər bir aspektinə, gender bərabərliyinə, nikah müqaviləsinin bağlanmasının əhəmiyyətinə, qızların təhsildən yayınmasının qarşısının alınmasına, cəmiyyətdə bu sahədə mövcud olan problemlərə toxunmuş və insanları düşüncə tərzini dəyişməyə, uşaqlara, ailə üzvlərinə sevgi və hörmət aşılamağa çağırmışdır.
S.Qəhrəmanova valideyn məsuliyyətinin artırılmasının önəmliyini vurğulayaraq erkən nikahın fəsadlarına toxunmuşdur. O, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu”na müvafiq olaraq bununla bağlı şikayətlərə baxılması qaydaları, məişət zorakılığı qurbanları üçün sığınacaqların yaradılması məqsədilə QHT-lərin akkreditasiyadan keçmələri barədə məlumat vermiş və rayonda aktiv qadınları, gəncləri ucqar yerlərdə maarifləndirmə tədbirləri həyata keçirməyi və bu sahədə təşəbbüskarlığı artırmağı tövsiyə etmişdir.
Seminarda Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Ədalət Hüseynov bildirmişdir ki, qadınların belə halları gizlətməsi, onların bu barədə hüquq mühafizə orqanlarına, müvafiq qurumlara şikayət etməkdən çəkindiyini və polis əməkdaşlarının da belə şikayətlərə ailədaxili məsələ kimi yanaşdığını vurğulamışdır. O, “Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikası Qanununun icrası zamanı çətinliklərlə rastlaşdıqlarını qeyd etmiş və bununla bağlı maarifləndirmə tədbirlərinin artırılmasını vacib saymışdır.
Bununla yanaşı, Ə. Hüseynov respublikanın bəzi bölgələrində məişət zorakılığına məruz qalmış qadınlar üçün sığınacaqların yaradılmasını təklif etmiş, nikah yaşının artırılmasını bu problemin həlli istiqamətində müsbət addım kimi qeyd etmişdir.
Mövzu ətrafında iştirakçılar çıxış etmiş, onlarla interaktiv müzakirələr aparılmış və sualları cavablandırılmışdır. Bununla yanaşı, iştirakçılara maarifləndirici nəşrlər paylanmışdır.

Keçidlər