Neftçala rayonu İcra Hakimiyyəti başçısının 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatı keçirilmişdir
15 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə hesabat keçirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi irsinə əsaslanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi inkişaf kursu ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edərək müsbət sosial-iqtisadi nəticələrin əldə edilməsini şərtləndirmişdir.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamları əldə rəhbər tutaraq 2014-cü ilin birinci rübündə rayonda bir sıra təşkilati, ictimai-siyasi tədbirlər həyata keçirilmiş, sosial–iqtisadi məsələlərin həlli, abadlıq-quruculuq, yolların bərpası və təmir-tikinti işləri aparılmış, əhalinin sosial müdafiəsi və digər sahələrdə müəyyən işlər görülmüşdür.
2014-cü ilin birinci rübündə ümumi məhsul istehsalının həcmi 2013-cü ilin müvafiq dövrünə nisbətən 41,2 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 45,3 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 milyon manat çoxdur. 2014-cü ilin birinci rübündə ümumi məhsulun tərkibində sənaye məhsulu 5 milyon 702,9 min manat və ya ümumi məhsulun 12,6 %-i qədər, kənd təsərrüfatı məhsulu 11 milyon 236,8 min manat və ya 24,8 %, nəqliyyat xidməti 467,3 min manat və ya 1,1 %, rabitə xidməti 148,7 min manat və ya 0,3 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 15 milyon 69,5 min manat və ya 33,2 %, tikinti işlərinin həcmi 12 milyon 700,0 min manat və ya 28,0 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2013-ci ilin birinci rübünə nisbətən 42,1 artaraq 93,2 %-ə çatmışdır. Adambaşına 542 manatlıq və ya 2013-ci ilin müvafiq dövrünə nisbətən 39,5 % çox məhsul istehsal edilmişdir.
2014-cü ilin birinci rübündə rayonda 207 fiziki şəxs fəaliyyətə başlamışdır. Fiziki şəxslər üzrə 207, mövcud müəssisə və təşkilatlarda 83 olmaqla cəmi 290 daimi yeni iş yeri açılaraq işsiz və işaxtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq işlərinə 135 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 518 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 5 milyon 702,9 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 78,6 % təşkil etmişdir.
Hesabat dövründə əhalinin nominal pul gəlirləri 13 milyon 614,0 min manat olmuş, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,7 % artmışdır. Adambaşına düşən pul gəlirləri 4,5 % artaraq 162,8 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 273,9 manat təşkil edir. Bu isə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,2 % çoxdur. İlin əvvəlindən əhaliyə 35,6 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 2,8 % artaraq 30,0 milyon manata, pullu xidmətlərin həcmi 4,2 % çoxalaraq 4,8 milyon manata, iaşə xidmətinin həcmi 3,7 % artaraq 0,8 milyon manata çatmışdır.
2014-cü il üçün rayonun yerli gəlirləri 5 milyon 104,0 min manat, xərcləri isə 16 milyon 323,0 min manat təsdiq olunmuşdur. 2014-cü ilin birinci rübündə büdcəyə 1 milyon 71,9 min manata qarşı 1 milyon 108,0 min manat vəsait daxil olmuş və ya 103,4 % icra olunmuş, yerli xərclər 3 milyon 445,8 min manata qarşı 2 milyon 959,0 min manat və ya 85,9 % icra olunmuşdur.
01 aprel 2014-cü il tarixə pensiya və müavinət alanların sayı 13304 nəfər olmuşdur. Ünvanlı dövlət sosial yardım alanların sayı 1272 ailə olmuş, 145 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. Pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılmışdır.
2014-cü ilin birinci rübü ərzində rayon məşğulluq mərkəzi tərəfindən 95 nəfər işaxtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş, 27 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmiş və 5 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Sahibkarlığın inkişafına dəstək olaraq rayonda fəaliyyət göstərən 3 bank və 1 bank olmayan kredit təşkilatlarının filialları tərəfindən Sahibkarlara və vətəndaşlara ümumilikdə 2 milyon 310,9 min manat kredit verilmişdir ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 1 sahibkara 9,0 min manat məbləğində kredit verilmişdir.
Rayonda 2014-cü ilin birinci rübündə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, Rayonda ət istehsalı diri çəkidə 2818.1 ton olmuşdur, o cümlədən quş əti 2169.4 ton, 5019.4 ton süd, 1017 min ədəd yumurta istehsal olunmuş, 2013-cü ilin birinci rübü ilə müqayisədə ət istehsalı 954.9 ton, süd istehsalı 0.8 ton, yumurta istehsalı 8 min ədəd artmışdır.
2014-cü ilin məhsulu üçün taxıl əkini sahəsi xeyli genişləndirilərək 45158 hektara çatdırılmış, pambıq əkini digər yazlıq əkinlərlə əlaqədar hazırlıq işləri tam həyata keçirilmişdir.
Fermer və sahibkarların texnika və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq məqsədilə Respublika “Aqrolizinq” ASC-nin Neftçala “Aqroservis” filialının fəaliyyəti genişləndirilərək müxtəlif növ texnikaların sayı 86 ədədə çatdırılmış, torpaq istifadəçilərinin mineral gübrələrlə təminatında müsbət irəliləyişlərə nail olunmuşdur.
Rayon İcra Hakimiyyəti 2014-cü ilin birinci rübündə rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm vermişdir.
Hesabat dövründə rayonun təmir-tikinti təşkilatları və xidmətləri tərəfindən yerinə yetirilmiş işin həcmi 12 milyon 700 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 dəfə çoxdur.
Rayonun Heydər Əliyev prospektinin yenidən qurulması, yeni parkların salınması, prospekt boyunca yol kənarlarının abadlaşdırılması, yeni müasir işıqlandırma sisteminin qurulması, Heydər Əliyev mərkəzinin inzibati binasının, Rayon İcra Hakimiyyətinin inzibati binasının, Bayraq meydanının, “Şəhidlər Kompleksi”nin, Kür çayı sahilində Bulvar kompleksinin, yeni müasir saat qülləsinin tikintisində son tamamlama işləri görülür.
Neftçala şəhərini iki hissəyə ayıran uzunluğu 3,7 km olan “Axmaz Göl”ün ekoloji cəhətdən sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi, Kür çayı sahilində, Bankə qəsəbəsi ərazisində mini futbol meydançasının inşası uğurla davam etdirilir. Hazırda Heydər Əliyev prospektində asfaltlaşdırma işlərinə başlanılmış, Heydər Əliyev Mərkəzinin arxa hissəsində abadlaşdırma və küçələrin asfaltlaşdırılması işlərinə başlanılmışdır, şəhər ərazisində olan çoxmənzilli yaşayış evlərinin və fərdi evlərin dam örtüklərinin dəyişdirilməsi uğurla davam etdirilir. Ayrılmış geniş ərazidə “İdman Kompleksi”nin tikintisi ilə bağlı işlərə başlanmışdır.
Rayonun Kürkənd kənd 200 şagird yerlik, Yuxarı Qaramanlı kənd 360 şagird yerlik məktəb binalarının və Aşağı Surra kənd tam orta məktəbin əsaslı təmiri və 10 əlavə sinif otaqlarının tikintisi davam etdirilir.
Hazırda Neftçala şəhəri ərazisində bir çox çoxmərtəbəli inzibati və yaşayış binalarının fasadlarında yeni, müasir fasad örtüklərindən istifadə edilməklə üzləmə işləri aparılır.
2014-cü ilin I rübündə vətəndaşların fərdi yaşayış evlərinin tikintisi üçün bələdiyyələr tərəfindən 31 vətəndaşa 2,17 ha həyətyanı torpaq sahəsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən 6 vətəndaşa isə 416 m2 torpaq sahəsi ayrılmışdır.
Hesabat dövründə Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir.
Cari ilin I rübü ərzində Rayon Təhsil Şöbəsi tərəfindən təhsil müəssisələrinə rəhbərlik, nəzarət və metodiki köməklik sahəsinə diqqət artırılmış və tədrisin keyfiyyətinin eləcə də maddi-texniki bazasının daha da yaxşılaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 – ci ildönümü münasibətilə Ulu öndərin həyatı və fəaliyyətinə həsr olunmuş inşa - yazı müsabiqəsinin rayon üzrə seçim turları keçirilmiş, müsabiqədə Neftçala şəhər 2 saylı, Xıllı qəsəbə 1 saylı, Bankə qəsəbə 1 və 2 saylı, Aşağı Surra, Qırmızıkənd, Qədimkənd, Mirqurbanlı kənd tam orta və Aşağı Qaramanlı və Xoltəzəkənd kənd ümumi orta məktəblərin şagirdləri yüksək bilik nümayiş etdirmişlər.
Fənn olimpiadalarının rayon turunda qalib gəlmiş 6 nəfər şagirdimiz bu ilin mart ayında keçirilmiş Respublika turunda iştirak etmiş, onlardan 4 nəfəri isə daha yaxşı nəticə göstərərək qaliblər sırasına çıxmışlar.
Rayonun tibb müəssisələrində əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Belə ki, cari ilin 3 ayında Mərkəzi Rayon Xəstəxanasının xidmət ərazisi üzrə 293 körpə doğulmuş, ana ölümü hadisəsi olmamış, 0-1 yaşda 3 uşaq ölümü olmuşdur. Rüb ərzində 153 uşaq üçün Elektron Sağlamlıq Kartı alınmış, onların sağlamlıq vəziyyətlərini əks etdirən məlumatlar Səhiyyə Nazirliyinin lokal bazasında yerləşdirilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa əsasən fevral ayının 17-dən Respublika əhalisinin tibbi müayinədən keçirilməsinə başlanılması ilə əlaqədar rayon ərazisində də əhalinin tibbi müayinədən keçirilməsini təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə komissiya yaradılmış, qrafik tərtib edilmişdir. Fevral ayının 17-dən mart ayının sonunadək rayon üzrə 40453 nəfər profilaktik tibbi müayinələrdən keçmiş, 1958 nəfərə ambulator müalicələr təyin olunmuş, 17 nəfər stasionar müalicələrə cəlb olunmuş, 44 nəfər isə Bakı şəhərinin müxtəlif klinikalarına daha ixtisaslı müayinə və müalicə olunmaq üçün göndərilmişdir. Bu müayinələr bir sıra xəstəlikləri erkən aşkar etməyə imkan vermişdir. Belə ki, müayinələr nəticəsində 19 nəfərdə ilkin şəkərli diabet, 6 nəfərdə isə düyünlü zob aşkar olunmuş, ümumilikdə isə 192 nəfər dispanser müşahidəyə götürülmüş, onlara müalicə-sağlamlaşdırıcı tədbirlər müəyyənləşdirilmişdir. Tibbi müayinələrin may ayının 1-dək başa çatdırılması nəzərdə tutulmuşdur.
Rüb ərzində imtiyazlı xəstələrə-şəkər, vərəm, psixi və onkoloji xəstələrə göstərilən tibbi xidmət və onların dərman preparatları ilə təmin edilməsi diqqət mərkəzində olmuşdur.
2014-cü ilin birinci rübündə stasionar müalicəyə 483 xəstə daxil edilmişdir. Həmin müddətdə 41 cərrahi əməliyyat həyata keçirilmişdir ki, bunun da 14-ü təcili və təxirəsalınmaz əməliyyatlar olmuşdur.
Rayonda mədəni-xidmətin təşkili sahəsində müəyyən işlər görülmüş və bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirilmişdir. Keçən dövr ərzində 20 Yanvar, 26 fevral Xocalı faciələrinə və 31 Mart Azərbaycanlıların soyqırımına həsr edilmiş anım mərasimləri keçirilmiş, onların xatirələri rayon əhalisi tərəfindən dərin ehtiramla yad edilmişdir. Bundan başqa 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə “Xatimə” şadlıq sarayında musiqili əyləncəli tədbir təşkil edilmiş, yeni istifadəyə verilmiş Park-Bulvar Kompleksində Novruz bayramı ilə bağlı maraqlı teatrlaşdırılmış ümumrayon bayram şənliyi təşkil edilmişdir.
Rayon ərazisində sanitar-gigiyenik qaydaların yerinə yetirilməsinə nəzarət olunmuş, bu sahədə işlərin lazımi səviyyədə qurulmasına səy göstərilmişdir. Hesabat dövründə rayonda doğulub peyvənd almış uşaqlara görə vərəmə, hepatit B və poliomielitə qarşı peyvəndlər illik plana əsasən 98,7 % yerinə yetirilmiş, difteriya, göy-öskürək, tetanus və diğər yoluxucu xəstəliklərə qarşı peyvəndlər vurulmuş, bu vaxt ərzində əhali arasında difteriya, poliomielit, göy-öskürək, tetanus, qızılca, malyariya kimi xəstəliklərə yoluxma halı baş verməmişdir. Rayon ərazisində xəstəliklərin qarşısının alınması ilə əlaqədar profilaktik tədbirlər müntəzəm olaraq həyata keçirilir.
Hesabat dövrü ərzində rayonda gənclərlə işin təşkili sahəsində, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, “Gənclər günü” münasibətilə rayonun fəal gənclərinin iştirakı ilə tədbir keçirilmiş, tədbirdə maraqlı əyləncəli-konsert proqramları və yarışlar təşkil edilmişdir.
5 Mart “Bədən tərbiyəsi və idman günü” münasibətilə idarə və təşkilatların, rayon idmançılarının iştirakı ilə tədbir təşkil olunmuş, tədbirdə bu sahəyə diqqətin artırıldığı və əldə olunan nailiyyətlərimiz xüsusi vurğulanmış, rayonumuzun idman sahəsində fərqlənənlərə müxtəlif mükafatlar təqdim olunmuşdur.
Hesabat dövründə rayon ərazisində ictimai-siyasi sabitliyin qorunub saxlanılması işlərinə də diqqət yetirilmiş, partiyalar və qeyri-hökumət təşkilatları ilə bir sıra əlaqəli işlər aparılmışdır. Rayonda 13 siyasi partiya, 18 qeyri-hökümət təşkilatı fəaliyyət göstərir.
Hesabat dövründə rayon ərazisində olan siyasi təbliğat vasitələrinin mövcud vəziyyəti öyrənilmiş, onların bəziləri yenisi ilə əvəzlənərək ətrafında abadlıq işləri aparılmışdır.
Rayonda dini durum da daim nəzarətdə saxlanılmış, din xadimləri ilə müntəzəm əlaqələr zamanı "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına ciddi riayət olunması onların diqqətinə çatdırılmışdır.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsi 2014-cü ilin I rübündə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. Hərbi xidmətə çağırışla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışla bağlı sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən 2014-cü ilin I rübündə 72 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur. Hərbi çağırışçılar arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və onların çağırışdan yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında təbliğat və maarifləndirmə işləri aparılmışdır.
2014-cü ilin I rübündə Rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 22 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 100 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı 2013-cü ilin I rübü ilə müqayisədə 2014-cü ilin I rübündə 10-cinayət faktı az olmuşdur.
2014-cü ilin birinci rübündə İcra hakimiyyəti başçısı tərəfindən qrafikə uyğun olaraq yerlərdə əhali ilə 12 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 1157 nəfər iştirak etmişdir. Keçirilən bu görüşlərdə 70 nəfər 40 tənqidi qeyd və təkliflə çıxışlar etmişdir ki, bunlardan 7-si yolların əsaslı təmiri, 7-si yaşayış məntəqələrinin qazlaşdırılması, 9-u suvarma və drenaj kanallarının lildən təmizlənməsi, 3-ü içməli su təminatının yaxşılaşdırılması, 6-sı elektrik təchizatının yaxşılaşdırılması, 3-ü məişət tullantılarının vaxtlı vaxtında daşınması və əlavə zibil qutularının gətirilməsi, 2-si məktəblərin əsaslı təmiri və 3-ü digər məsələlərdən ibarət olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2012-ci il 6 iyun tarixində 648 nömrəli fərman ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” yə uyğun olaraq inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri öz işlərini əsasnamənin 5-ci maddəsinə onlara verilmiş vəzifə və səlahiyyətlər çərçivəsində həyata keçirir. Ərazi nümayəndəliklərində sənədləşmə və kargüzarlıq işinin təşkili Azərbaycan Respublikası Prezidentinin «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Qanunun və "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ın tələbləri səviyyəsində qurulmuşdur. Lakin bir sıra ərazi dairəsi üzrə nümayəndəliklərinin sənədləşmə və kargüzarlıq işinin aparılmasında, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasında bəzi nöqsanları olmuşdur ki, bu nöqsanların da aradan qaldırılması ilə əlaqədar onlara qanuna müvafiq tövsiyələr verilmişdir.
Rayon İcra Hakimiyyəti vətəndaşların qəbulu və müraciətləri ilə bağlı müəyyən tədbirlər həyata keçirmişdir
2013-cü ilin dekabr ayında Rayon İcra Hakimiyyəti başçısının yerlərdə əhali ilə əlaqələri möhkəmləndirilməsi və qarşılaşdıqları problemlərin operativ həll olunması üçün 2014-cü il üzrə qrafik tərtib olunmuş və cari ilin birinci rübündə nəzərdə tutulmuş 12 görüşün hamısı qrafikə uyğun olaraq keçirilmişdir. Belə ki, bu görüş və səyyari qəbullar rayonun 15 yaşayış məntəqəsini əhatə etmişdir.Keçirilmiş yığıncaqlarda 1157 nəfər iştirak etmişdir. Keçirilən bu görüşlərdə 68 nəfər 40 tənqidi qeyd və təkliflə çıxışlar etmişlər ki, bunlardan 7-si yolların əsaslı təmiri, 7-si yaşayış məntəqələrinin qazlaşdırılması, 9-u suvarma və drenaj kanallarının lildən təmizlənməsi, 3-ü içməli su təminatının yaxşılaşdırılması, 6-sı elektrik təchizatının yaxşılaşdırılması, 3-ü məişət tullantılarının vaxtlı vaxtında daşınması və əlavə zibil qutularının gətirilməsi, 2-si məktəblərin əsaslı təmiri və 3-ü digər məsələlərdən ibarət olmuşdur.
Rayon İcra Hakimiyyəti vətəndaşların qəbulu və müraciətləri ilə bağlı müəyyən tədbirlər həyata keçirmişdir
2014-cü ilin I rübü ərzində Rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 267 ərizə, şikayət və təklif daxil olmuşdur. O cümlədən Prezident Administrasiyasından 54, Milli Məclisdən 3, Mərkəzi Orqanlardan 16 ərizə daxil olmuşdur. 194 ərizə bilavasitə vətəndaşlar tərəfindən Rayon İcra Hakimiyyətinə ünvanlanmışdır.
Müraciətlər mövzular üzrə araşdırılarkən mənzil məsələləri üzrə 13 və ya 4,8 %, torpaq məsələləri üzrə 38 və ya 14,2 %, tikinti məsələləri üzrə 17 və ya 6,4 %, əmək məsələləri üzrə 3 və ya 1,1 %, təbii, texnogen hadisələr üzrə 8 və ya 3 %, digər məsələlər üzrə 26 və ya 9,7 %, enerji, qaz və su təchizatı üzrə 6 və ya 2,2 %, kənd təsərrüfatı məsələləri üzrə 4 və ya 1,5 % , bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 3 və ya 1,1 % , birdəfəlik maddi yardım və məişət problemi 12 və ya 4,5 % , qəbul haqqında 4 və ya 1,5 %, minnətdarlıq barədə 2 və ya 0,7 % , əhalinin sosial müdafiəsi məsələlərilə bağlı 8 və ya 3 % , kommunal məsələlərlə bağlı 5 və ya 1,8 %, tikinti materialları ilə köməklik olunması barədə 102 və ya 38,2 %, dövlət sosial məsələləri ilə bağlı 3 və ya 1,1 %, sahibkarlığın inkişafı və iqtisadi məsələlərlə bağlı 4 və ya 1,5 % , təhsil, səhiyyə, mədəniyyət məsələləri 9 və ya 3,4 % təşkil etmişdir.
Hesabat dövründə Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlər 2013-cü ilin birinci rübü ilə müqayisədə 42 müraciət çox olmuşdur. Artan müraciətlər tikinti materialları ilə köməklik olunması barədə olmuşdur.
2014-cü ilin I rübü ərzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasından 54 müraciət, o cümlədən 3 müraciət nəzarət qaydasında daxil olmuşdur. Daxil olmuş müraciətlərin 2 və ya 3,7 %-i tikinti barədə, 7 və ya 13 %-i evinin qəzalı olması, 3 və ya 5,5 %-i mənzillə təmin olunması, 5 və ya 9,2 %-i torpaq məsələləri, 2 və ya 3,7 %-i qəbul barədə, 2 və ya 3,7% bələdiyyələrin fəaliyyəti, 2 və ya 3,7% kommunal məsələlər, 6 və ya 11,1% əhalinin sosial müdafiəsi məsələləri , 2 və ya 3,7 % mədəniyyət məsələləri, 9 və ya 17% birdəfəlik maddi yardım və məişət problemi, 14 və ya 26%-i digər məsələlər barədə olmuşdur.
Ümumilikdə rüb ərzində ərizə, şikayət və təkliflərdən 15 müraciət kollektiv, 2 müraciət təkrar xarakterli olmuşdur. Kollektiv müraciətlərdən 8 ərizə bilavasitə vətəndaşlardan, 4 ərizə Mərkəzi Orqanlardan, 3 ərizə Prezidenti Administrasiyasından daxil olmuşdur. Daxil olmuş kollektiv müraciətlərdən 2 müraciət torpaq, 1 müraciət tikinti, 1 müraciət nəqliyyat, 1 müraciət kənd təsərrüfatı, 7 müraciət kommunal, 1 müraciət bələdiyyələrin fəaliyyəti, 2 müraciət təhsil mədəniyyət məsələlər barədə olmuşdur.
Təkrar müraciətlərdən 2 ərizə Mərkəzi Orqanlardan, 2 ərizə Prezidenti Administrasiyasından daxil olmuşdur. Müraciətlər məmur özbaşınalığı barədə olmuşdur.
2014-cü ilin birinci rübündə ümumilikdə vətəndaşlar tərəfindən daxil olan müraciətlərdən 21 müraciət şikayət xarakterli olmşdur. Bu müraciətlərdən 2-si mərkəzi orqanlardan, 14-ü Prezident Administrasiyasından, 5-i isə bilavasitə vətəndaşlar tərəfindən Rayon İcra Hakimiyyətinə ünvanlanmışdır. Daxil olan şikayət məktubları bələdiyyələrin fəaliyyəti, kommunal və digər məsələlər barədə olmuşdur.
2014-cü ilin birinci rübündə İcra Hakimiyyəti başçısı tərəfindən 94 vətəndaş qəbul edilmişdir. O cümlədən İcra Hakimiyyəti başçısı aparatında 24 nəfər, səyyarı qəbullarda 70 nəfər vətəndaş qəbul edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul olunmuş vətəndaşların müraciətləri mövzular üzrə araşdırılarkən 3 müraciət mənzil ilə təmin olunma, 3 müraciət işlə təmin olunma, 5 müraciət torpaq məsələləri, 2 müraciət kommunal məsələləri, 3 müraciət evinin qəzalı olması, 5 müraciət tikinti materialları ilə köməklik olunması, 1 müraciət ünvanlı sosial yardım, 2 müraciət digər məsələlər barədə olmuşdur.
Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutaraq öz fəaliyyətini daha da genişləndirəcək, bütün sahələrdə inkişafa və tərəqqiyə nail olmaq üçün lazımi tədbirlər görəcəkdir.